...

Davudoğlunun İrana səfəri – Ankaranın Yaxın Şərqdə təsirini gücləndirməyə növbəti cəhdi

Siyasət Materials 12 Sentyabr 2009 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir Ü.Sadıxova/

Türkiyənin Yaxın Şərqdə münaqişələrin həllində öz diplomatik təsirini gücləndirmək və nüvə proqramı ətrafında İranla Qərb arasında fikir ayrılığının nizamlanmasında vasitəçi olmaq cəhdi Türkiyə XİN rəhbərinin İrana səfərinin başlıca səbəbi ola bilər. Ekspertlər belə hesab edirlər.

"Davudoğlunun səfəri (İrana) Suriya və İraq arasında əlaqələrin yaradılmasına və daha çox İranın nüvə proqramına və İranın Qərblə münasibətlərinə yönəlib", - Trend -a telefonla Livanın Türkiyə siyasəti üzrə mütəxəssisi Məhəmməd Nurəddin deyib.

"Tehran Türkiyəyə inanır, ona görə ki, Ankara İranın sülh nüvə proqramının tərəfdarlarından biridir və ABŞ-la İran arasında ziddiyyətin istənilən hərbi həllinə qarşı olub", - Beyrut Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Nurəddin hesab edir.

"Ankara, həmçinin NATO çərçivəsində ABŞ-la sıx əməkdaşlığı saxlayır, buna görə də bütün şərtlər İran və Qərb arasında mübahisələrin həllinə vasitəçilik edə bilməsində Türkiyənin xeyrinədir", - Nurəddin əlavə edib.

Şənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Mənuçöhr Müttəkinin dəvəti ilə İrana rəsmi səfər edib.

Davudoğlunun İrana səfəri məsələsi Qahirədə keçirilən Suriya və İraq arasında ziddiyətin həllinə həsr olunmuş Ərəb Ölkələri Liqasının (ƏÖL) iclasında məsləhətləri və iştirakından sonra yaranıb.

İraq hökumətinin Suriyadan avqustun 19-da Bağdadda baş vermiş, 100-ə yaxın insanın həyatına son qoyan iki güclü terror aktının təşkilatçılarını təhvil verməyi tələb etməsindən sonra Bağdad və Dəməşq diplomatik nümayəndələrini geri çağırıblar.

Ankara ilk günlərdən Suriya və İraqın barışdırılmasında vasitəçilik edir, bu da ərəb ölkələri tərəfindən dəstəklənir.

Lakin Davudoğlunun qarşıdakı səfəri, türkiyəli analitik Arif Kəskinin sözlərinə görə, nüvə proqramı ilə əlaqədar olaraq İran və Qərb münasibətlərində ziddiyətin artması, eləcə də seçkilərdən sonrakı vəziyyətlə bağlıdır.

İranın "sülh məqsədləri üçün uranın zənginləşdirilməsi" barədə bəyanatına baxmayaraq, ABŞ, Aİ və İsrail İranın nüvə silahı yaradacağından ehtiyat edirlər.

İsrail dəfələrlə İranın hərbi obyektlərinə mümkün hücumlar barədə bəyanat verib, lakin ABŞ hələ ki, buna dair heç bir fikir bildirməyib.

ABŞ-ın müdafiə naziri Robert Geyts Qətərin "Əl-Cəzirə" telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonda İranın nüvə silahının mövcudluğunun sübutu yoxdur.

"Lakin Qərb ölkələrinin İranın nüvə proqramının əleyhinə yeni sanksiyaların qəbul edilməsi barədə gizli danışıqları Türkiyəni narahat edir. Türkiyə İranın ABŞ və İsraillə müharibəsini istəmir və buna milli maraqlarına zərbə kimi baxır", - Trend -a telefonla Avrasiya Strateji Araşdrımalar Mərkəzinin əməkdaşı Kəskin deyib.

O istisna etmir ki, səfər zamanı Davudoğlu İranı nüvə proqramı məsələsində daha yumşaq mövqe tutmağa çağıra bilər.

İranın Yaxın Şərq üzrə politoloqu Həsən Haşimiyanın fikrincə, türkiyəli nazirin səfərinin digər səbəbi Ankaranın İran və ərəb ölkələrinin yaxınlaşmasında vasitəçi olmaq cəhdi ola bilər.

"ƏÖL-in baş katibi Əmr Musanın İran və ərəb ölkələri arasında dialoqun vacibliyi barədə çağırışını nəzərə alsaq, Davudoğlu İrana bu mesajı çatdıra bilər", - Trend -a telefonla Haşimiyan bildirib.

Nurəddin hesab edir ki, Türkiyə hazırda Yaxın Şərqdə böyük diplomatik təsirə malikdir və öz məqsədlərinə nail olmaq üçün bütün ölkələrlə münasibətləri yoluna qoymaq istəyir.

"Türkiyə İraq və Suriya, həmçinin İranla əla münasibətləri hesabına Yaxın Şərqdəki münaqişələrlə bağlı vasitəçilik etməkdə uğur qazana bilər. Türkiyə üçün regiondakı stabillik də səmərəlidir, çünki İraqdakı partlayışlar Ankaranın təhlükəsizlik maraqlarına zərbə vurur", - Nurəddin bildirib.

Növbəti həftə İstanbulda Suriya-İraq mübahisələrinin gələcək həlli ilə bağlı ƏÖL-in xarici işlər nazirlərinin iclası keçiriləcək.

Lakin Tehran səfəri hələ Türkiyə və İranın Yaxın Şərqdəki siyasətdə mövqelərinin oxşar olduğu anlamına gəlmir.

"Türkiyə və İranın əməkdaşlıq etdiyi yeganə sahə regionda terror əleyhinə mübarizədir", - Kəskin bildirib.

Onun sözlərinə görə, bunun səbəbi 2003-cü ildə İraq müharibəsinin başlanmasından sonra Türkiyənin Yaxın Şərq siyasətində kursunu dəyişməsidir.

"ABŞ-ın hərbi əməliyyatlarından sonra İraqın parçalanması təhlükəsi meydana çıxdı və bu zaman Türkiyə ərəb ölkələri və İran ilə yaxınlaşmağa başladı", - Kəskin bildirib.

Politoloq hesab edir ki, Yaxın Şərqdə, xüsusilə də İraqda problemin aradan qaldırılması Türkiyə üçün əsas məsələ olaraq qalır.

"Lakin eyni zamanda, Türkiyə və İran arasında siyasi layihələr yoxdur, çünki ölkələr regiondakı siyasətə müxtəlif cür yanaşırlar", - Kəskin belə hesab edir.

"Bu o demək deyil ki, Türkiyə İranın rəqibidir. Suriya və Fələstinlə İsrail arasında sülh prosesində və Livandakı vəziyyətlə bağlı Ankara və Tehranın baxışları müxtəlifdir", - Kəskin bildirib.

Materialın hazırlanmasında T.Cəfərov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti