Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın hakimiyyətyönlü partiyası bələdiyyə seçkilərində hakim partiya ilə ciddi əməkdaşlıq etmək niyyətindədir.
"Yeni Azərbaycan Partiyasının seçki təcrübəsi bizimlə müqayisədə daha yüksək olduğundan seçkilərdə bu imkandan istifadə etməyə çalışacağıq", - bazar ertəsi Trend -a Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı bildirib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisinin 2009-cu il dekabrında keçirilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.
Ağamalının sözlərinə görə, bələdiyyə seçkiləri ilə bağlı hazırda bütün şəhər və rayon təşkilatlarında ciddi hazırlıq gedir. "İndi hər bir yerli təşkilat bələdiyyə üzvlüyünə irəli sürüləcək namizədlərin adlarını dəqiqləşdirir. Yaxın müddətdə həmin siyahılar partiyanın mərkəzi aparatına təqdim olunacaq", - partiya sədri əlavə edib.
Ağamalı deyib ki, bələdiyyə üzvlüyünə namizədlərin tam siyahısı partiyanın Ali Məslisinin sentyabr ayının axırlarında keçiriləcək iclasında müəyyənləşdiriləcək. "Biz bələdiyyələrdə maksimum dərəcədə yer qazanmaq niyyətindəyik. Bunun üçün müttəfiqlik etdiyimiz hakim partiya ilə əməkdaşlığımız zəruridir. Bu əməkdaşlıq həm də irəli sürülən namizədlərin seçki kampaniyası zamanı bir-birinə mane olmaması üçün vacibdir", - AVP sədri vurğulayib.
Hakimiyyətyönlü AVP 1991 - ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]