Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir E.Ostapenko /
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü üzrə "biznes-tur" Aİ-nin rəsmi nümayəndələrinin iştirakı ilə Bakıda sentyabrın 17-18-də keçiriləcək, bu barədə Avropa Komissiyasının Azərbaycandakı ofisinin press-relizində qeyd olunur.
Avropa Komissiyanın xarici əlaqələr üzrə baş idarəsinin Ukrayna, Moldova, Belarus və Cənub Qafqaz üzrə şöbəsinin başçısı Con Kyaer (John Kjaer) və Avropanın dostluq siyasəti üzrə idarəsinin administratoru Covanni Kremonini (Giovanni Cremonini) "Şərq tərəfdaşlığı" proqramının perspektivlərini və üstünüklərini maraqlı tərəflərlə müzakirə etmək üçün Azərbaycana gələcəklər.
Müzakirələrin açılışında Azərbaycanın geniş ictimaiyyəti və əsas maraqlı tərəflər iştirak edəcəklər. Vətəndaş cəmiyyəti, özəl sektor və biznes nümayəndələri ilə müzakirələrin keçirilməsi planlaşdırılır.
Aİ-nin rəsmi şəxsləri hökumət nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə keçirilən iki seminarda iştirak edəcək. Onlar "Şərq tərəfdaşlığı" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsi perspektivləri və nəticələri barədə danışacaqlar. Avropa ittifaqının nümayəndə heyəti Prezident Administrasiyası və Azərbaycanın Xarici İşlər Nazirliyində olacaq.
Aİ tərəfindən Polşa və İşveçin təşəbbüsü ilə hazırlanan və may ayında Praqada fəaliyyətə başlayan "Şərq tərəfdaşlığı" proqramına Azərbaycan, Belarus, Ukrayna, Ermənistan, Moldova və Gürcüstan daxildir. "Şərq tərəfdaşlığı" Aİ ilə iqtisadi və siyasi sahələrdə təşkilata daxil olmadan daha sıx tərəfdaşlığı nəzərdə tutur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]