...

Azərbaycan hər zaman qonşuları ilə münasibətlərin yaxşı olmasına çalışır, amma Ermənistan dövləti də bu istiqamətdə müəyyən addımlar atmalıdır – xarici işlər naziri

Siyasət Materials 23 Sentyabr 2009 11:11 (UTC +04:00)

ABŞ, Nyu-York, 23 sentyabr / Trend , müxbir K. Paşayeva /

Azərbaycan hər zaman qonşuları ilə münasibətlərin yaxşı olmasına çalışır, amma Ermənistan dövləti də bu istiqamətdə müəyyən addımlar atmalıdır, çərşənbə axşamı xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Bu bəyanatla Məmmədyarov ABŞ-ın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Harriman İnstitutunda çıxış edib, məlumatı Trend -un xüsusi müxbiri verib.

Görüşdə keçmiş Sovet və Şərqi Avropa ölkələri üzrə ekspert (1997-2001-ci illər arasında ABŞ Dövlət Departamentinin MDB dövlətləri üzrə xüsusi müşaviri və səfiri vəzifəsində çalışıb) Steven Sestanoviç, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev, universitetin tələbə və professor heyəti iştirak edib.

Çıxışında Məmmədyarov xüsusilə Dağlıq Qarabağ probleminə toxunub, Azərbaycan üçün çox önəmli və xarici siyasətində əsas prioritet olduğunu deyib. Nazirin sözlərinə görə, Azərbaycan geosiyası cəhətdən elə məkanda yerləşir ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetini təşkil edir.

"Azərbaycan geosiyasi cəhətdən elə məkanda yerləşir ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın inkişafı ilə yanaşı, bütöv regionun inkişafı üçün çox vacibdir", - Məmmədyarov qeyd edib.

"Azərbaycanın bu məsələdə mövqeyi bəllidir: Azərbaycan torpaqlarının 20%-i işğal altındadır və bir milyondan çox qaçını var, yalnız bu insanların doğma evlərinə qayıtmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı bir danışıq aparıla bilər", - o deyib.

"Bu istiqamətdə Azərbaycan və Ermənistan arasında danışıqlar aparılır, bu məsələnin həllində iştirak edən ABŞ, Rusiya və Fransa kimi dövlətlərin də təsir gücü vacibdir", - Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, Azərbaycan Qərblə Şərqi birləşdirən bir regionda yerləşir və geosiyasi mövqeyindən istifadə edərək daim regionda stabilliyə nail olunması üçün çalışmalıdır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu və Nabukko qaz kəməri kimi layihələrdən danışan Məmmədyarov bu layihələrin Azərbaycan dövlətçiliyinin və suverenliyinin inkişafında böyük rol oynadığını, eyni zamanda Azərbaycanın və regionda olan digər ölkələrin iqtisadi inkişafına müsbət təsirini qeyd edib.

Xəbər lenti

Xəbər lenti