Fransa, Strasburq, 30 sentyabr/ Trend , müxbir A.Məhərrəmli/
Azərbaycanı üzəcək heç bir addım atmayacayıq. Bu fikirləri çərşənbə günü Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Trend -a eksklüziv açıqlamasında Türkiyə ilə Ermənistan arasındakı "Diplomatik münasibətlərin qurulmasına dair Protokol" və "İkitərəfli münaisbətlərin inkişafı üzrə Protokol"un hər iki ölkənin Parlamentlərində təsdiq olunması məsələsinə münasibət bildirərkən deyib.
"Türkiyə-Ermənistan arasındakı sözügedən sənədlər hər iki ölkənin Parlamentlərindən keçə bilər. Düzdür, burada çox çətin və ciddi müzakirələr olar, amma bu anlaşmalar keçə bilər. Amma istər Türkiyədə, istər Ermənistanda, istərsə də Azərbaycanda bununla bağlı ciddi suallar və reaksiyalar ortaya çıxır. Azərbaycanda Türkiyə yetkililərinin nə etdiklərini və edəcəklərini çox yaxşı bilirlər. Türkiyə Baş nazirinin söylədiyi kimi, Azərbaycanı üzəcək heç bir addım atmayacayıq. Bu protokol da daxil olmaqla mən həmişə onu söyləyirəm ki, indiyədək atdığımız bu addımlardan ən çox yararlanacaq iki ölkə Azərbaycanla Ermənistan olacaq. Ermənistan bizimlə dost olarsa, Azərbaycanla dost olarsa, torpaqlardan çəkilirsə və Dağlıq Qarabağ problemi həllini taparsa, o, bundan yalnız fayda görəcək. Təbii ki, işğal edilmiş torpaqlardan Ermənistanı çıxarmaq və Dağlıq Qarabağ problemini həll etmək Azərbaycanın lehinədir, xeyrinədir. Burada biz Azərbaycanın mənfəətlərini sonuna qədər qoruyuruq və bundan sonra da qoruyacayıq"-deyə Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, adıçəkilən sənəddə xüsusilə Ermənistan daxilində işləri çətinə salmamaq üçün bölgədə sərhəd bütövlüyü adı keçmir. Əgər sənədlər diqqətlə oxunarsa, bunların hamısının içində Azərbaycan, işğal edilmiş Azərbaycan torpaqları, Dağlıq Qarabaq var. Bu anlaşmalarda Azərbaycan xaricdə, kənarda qalmır. Bunu Türkiyə və Azərbaycan yetkililəri də bilir. Burada bizim Azərbaycanla müəyyən etdiyimiz strategiyalar var. Biz onları tətbiq edəcəyik. Təbii ki, burada müzakirə edirik. Biz bu məsələdə hər tərəfin qazanmasını istəyirik. Azərbaycanın haqlarının müdafiə etmək bizim vəzifəmizdir.