...

Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda yol polisləri ilə yerli sakinlər arasında baş vermiş insidentə münasibət bildirib

Siyasət Materials 19 Oktyabr 2009 15:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend News-a bildirib ki, oktyabrın 18-də, saat 16.00 radələrində Bakı-Qazax yolunun 384-cü kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ 21074 markalı 60 BK 240 dövlət nömrə nişanlı avtomaşınla yolun kənarında dayanan 4 nəfər piyada vurulub.
Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda yol polisləri ilə yerli sakinlər arasında baş vermiş insidentə münasibət bildirib

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanın Şəmkir rayonunda (paytaxt Bakıdan 400 kilometr qərbdə) yol polisləri ilə yerli sakinlər arasında baş vermiş insidentə Baş Dövlət Yol Polisi İdarəsi münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bazar ertəsi Trend -a bildirib ki, oktyabrın 18-də, saat 16.00 radələrində Bakı-Qazax yolunun 384-cü kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ 21074 markalı 60 BK 240 dövlət nömrə nişanlı avtomaşınla yolun kənarında dayanan 4 nəfər piyada vurulub.

Piyadalardan ikisi hadisə yerində dünyasını dəyişib, bir nəfər yaralı vəziyyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb, ilkin tibbi yardım göstərildikdən sonra evə biraxılıb, digər piyada isə xəsarət almayıb.

Məcidov məlum hadisə ilə bağlı mətbuatda yanlış, həqiqətə uyğun olmayan məlumatların yayılmasından təəssüflənir. Həmin məlumatlarda qeyd olunur ki, hadisə Dövlət Yol Polisi əməkdaşlarının idarə etdiyi 10 YP 851 və 10 YP 853 dövlət nömrə nişanlı BMW markalı avtomobillərin VAZ 21074 markalı avtomobili qovarkən baş verib. Hadisədən sonra yüksək sürətlə hərəkət edən DYP avtomobillərindən biri həlak olan piyadalardan birinin üzərindən keçib.

Həmin məlumatlara aydınlıq gətirən Məcidov bildirib ki, VAZ 21074 markalı avtomobilin sürücüsü, 31 yaşlı Məmmədov Ayaz Cəmil oğlu Rusiyanın Saxalin vilayətində yaşayır. Oktyabrın 17-də axşam Saxalindən Bakıya gəlib və həmin axşam Şəmkirə gedib. Atasına məxsus VAZ 21074 markalı avtomobili götürüb Gəncə istiqamətinə hərəkət edirmiş.

Şöbə rəisinin sözlərinə görə, hadisə yerinə 150-200 metr qalmış həmin avtomobil qarşıda gedən taksini ötüb və yolun soluna çıxaraq orada dayanmış piyadaları vurub. Bundan sonra avtomobil yolun solunda iki ağaca çırpılaraq dayanıb.

BDYPİ rəsmisi deyib ki,yol polisi əməkdaşları qəzadan 10 dəqiqə sonra hadisə yerinə iki patrul avtomobilində gəliblər. Onlar gələnədək taksi sürücüsü Məmmədovu avtomobildən çıxarıb. Sürücü qəza nəticəsində xəsarət almayıb və o, hadisə yerindən qaçıb.

Məsidovun sözlərinə görə, bu vaxt yaxınlığdakı toy mərasimindən çıxan bir qrup içkili şəxs hadisə yerinə yaxınlaşıb. Onlar hadisə yerində heç bir əsası olmayan insident yaradıblar və onlardan biri deyib ki, qəzaya səbəb yol polisi əməkdaşlarının sürücünü təqib etməsi olub. Sərxos şəxslər polislərlə mübahisə edib və bir nəfər polis əməkdaşına xəsarət yetiriblər. Həmin polis əməkdaşı Gəncədəki xəstəxanaya yerləşdirilib. İçkili şəxslər patrul avtomobilini isə çeviriblər.

Məsidov bildirib ki, taksi sürücüsü, xəsarət almış piyada və digər şahidlər istintaqa ilkin ifadələrində yol polisi əməkdaşlarının qəza şəraiti yaratmadığını, VAZ 21074 markalı avtomobilin yüksək sürətlə idarə olunduğunu bildiriblər.

Hadisədən sonra Ayaz Məmmədov saxlanılıb və ifadəsi alınıb. O, ifadəsində bildirib ki, sutka yarım yol gəldiyindən yuxusuz olub. Avtomobili idarə edərkən sükan arxasında yuxulayıb və piyadaları vurduğundan xəbərsiz olub.

Məcidov məlum insidenti yaradan, hadisənin təşkilatçılarından iki nəfərinin saxlandığını və onlarla istintaq hərəkətləri aparıldığını bildirib. Hazırda faktla bağlı Baş Prokurorluğun müstəntiqi araşdırma aparır.

BDYPİ rəsmisinin sözlərinə görə, baş vermiş hadisə ilə bağlı yanlış məlumatların yayılması yol polisi barəsində ictimaiyyət arasında çaşdırıcı fikirlərin formalaşmasına xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti