...

Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq - Heydər Əliyev Fondunun prezidenti (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Oktyabr 2009 15:51 (UTC +04:00)
"Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq", - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva cümə axşamı Bakıda Uşaq ilinə və BMT-nin uşaqların hüquqlarının qorunması konvensiyasının 20 illiyinə həsr edilən Azərbaycanda uşaqların müdafiəsi sahəsində islahatlar milli konfransında deyib.
Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq - Heydər Əliyev Fondunun prezidenti (ƏLAVƏ OLUNUB)

Red. əlav.: səkkizinci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı 22 oktyabr / Trend , müxbir S.Ağayeva/

"Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq", - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva cümə axşamı Bakıda Uşaq ilinə və BMT-nin uşaqların hüquqlarının qorunması konvensiyasının 20 illiyinə həsr edilən Azərbaycanda uşaqların müdafiəsi sahəsində islahatlar milli konfransında deyib.

"Müasir dünya hərbi münaqişələr və qarşıdurmalar, qlobal iqlim dəyişiklikləri, epidemiya, pandemiya kimi bir çox problemlərlə üzləşib, bu problemlər sırasında uşaqların taleyi ilə bağlı problemlər öndə dayanmalıdır", - Mehriban Əliyeva deyib.

Onun sözlərinə görə, uşaqların şəxsiyyət kimi formalaşmasında ailə böyük rol oynayır. "Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir", - o deyib.

"Üç uşaq anası olaraq, analıq missiyasının həyata keçirilməsini həyatımın ən vacib missiyası hesab edirəm", - Mehriban Əliyeva deyib.

O, bu gün uşaqların müəyyən hissəsinin valideyn himayəsindən kənarda böyüməsi faktını da təəssüf hissi ilə qeyd edib. "Bu uşaqların taleyi bizim hamımızı narahat etməlidir", - Heydər Əliyev Fondunun prezidenti deyib.

Onun sözlərinə görə, başçılıq etdiyi Heydər Əliyev Fondu həmin uşaqların problemlərinin həllinə xüsusi diqqət ayırır. Fondun "Uşaq evlərinin və internat məktəblərin inkişafı" proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilib.

"Ən müasir internat məktəb və ən yaxşı uşaq evi ailəni əvəz edə bilməz", - Mehriban Əliyeva deyib.

2006-cı ilin mart ayında Prezident İlham Əliyev uşaqların uşaq evlərindən ailələrə verilməsi və alternativ qayğı haqqında dövlət proramını təsdiq edib. Mehriban Əliyeva deyib ki, 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində böyük işlər həyata keçirilir - yaxın 3-5 il ərzində ölkədə 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır.

YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard srtrukturun uşaqların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə güclərini birləşdirməyə hazır olduğunu bildirib.

O, Azərbaycan hökumətini və QHT-ni uşaqların hüquqlarının müdafiəsi mexanizmini təkmilləşdirməyə, öz güclərini birləşdirməyə və bu sahədə fəaliyyət göstərən sosial işçilərin potensialını artırmağa çağırıb. YUNİSEF nümayəndəsinin sözlərinə görə, 2006-cı ildən Azərbaycanda alternativ qayğı və uşaqların uşaq evlərindən ailələrə verilməsi sahələrində irəliləyişlər əldə edilib. "YUNİSEF bu məsələdə Azərbaycan hökumətinin göstərdiyi səyləri dəstəkləməyə hazırdır", - Herevard deyib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov öz çıxışında ölkədə uşaq problemlərinin həllində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın göstərdiyi xidmətləri xüsusi qeyd edib. Onun sözlərinə görə, Fondun və YUNİSEF-in yardımı ilə hakimiyyət uşaqların hüquqlarının müdafiəsi üzrə milli strukturların potensial modelini hazırlayacaq.

"Uşaqların hüquqlarını qorunması, onlara keyfiyyətli təhsilin verilməsi və bunun üçün lazımi şəraitin yaradılması hökumətin uşaq siyasətinin prioritet istiqamətlərindəndir", - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Dövlət Komitəsinin başçısı konfrans iştirakçılarının diqqətini bu sahədə fəaliyyət göstərən sosial işçilərin potensialının yüksəldilməsi və onların ixtisaslarının artırılmasının vacibliyinə yönəldib.

Heydər Əliyev Fondunun, Azərbaycan hökumətinin, YUNİSEF və mobil rabitə operatoru "Azercell"-in dəstəyi ilə təşkil edilmiş ikigünlük konfrans bəyannamənin qəbul edilməsi ilə başa çatacaq.

Bugünkü iclasda YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Herevard Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində göstərdiyi xidmətlərə görə diplom və xatirə hədiyyəsi təqdim edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti