...

Türkiyənin İsrail-ərəb münaqişəsində vasitəçilik etmək üçün şansı azdır – ekspertlər

Siyasət Materials 31 Oktyabr 2009 12:08 (UTC +04:00)
Türkiyənin Yaxın Şərqdə sülh danışıqlarının fəal iştirakçısı olmaq cəhdlərinə baxmayaraq, ABŞ israillilərlə ərəblər arasında aparılan sülh danışıqlarında əsas oyunçu və vasitəçi olaraq qalır.
Türkiyənin İsrail-ərəb münaqişəsində vasitəçilik etmək üçün şansı azdır – ekspertlər

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Türkiyənin Yaxın Şərqdə sülh danışıqlarının fəal iştirakçısı olmaq cəhdlərinə baxmayaraq, ABŞ israillilərlə ərəblər arasında aparılan sülh danışıqlarında əsas oyunçu və vasitəçi olaraq qalır.

Ekspertlər hesab edirlər ki, Suriya və İranla yaxınlaşma və İsraillə münasibətlərdə gərginlik Türkiyənin Yaxın Şərqdəki ambisiyaları üçün çətinlik yarada bilər.

"Türkiyənin qonşuları ilə (Suriya, İran və İraq) münasibətləri bərpa etməsi normaldır. Amma hər şey planlaşdırılmış şəkildə baş verməlidir", - Türkiyə Parlamentinin müxalifətdən olan deputatı Şenol Bal Trend -a deyib.

Analitiklər hesab edirlər ki, İsraillə strateji əlaqələri saxlamasına baxmayaraq, Türkiyə son zamanlar "Həmas" və "Hizbullah" kimi anti-İsrail partiyalarını dəstəkləyən Suriya və İranla əlaqələrini genişləndirir. Bu isə ABŞ və Aİ kimi Yaxın Şərqdəki sülh proseslərində vasitəçi kimi çıxış etmək istəyən Ankaranın şansını azaldır.

ABŞ dövlət katibi Hilari Klintonun bu həftənin sonunda sülh prosesinin bərpası üçün İsrail və Fələstin muxtariyyatına birinci rəsmi səfəri fonunda, Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan Tehranda bəyanat verib ki, Türkiyənin İsraillə strateji əməkdaşlığı əvvəlki kimi qalır.

Daha əvvəl Ərdoğan Britaniyanın "The Guardian" qəzetinə verdiyi müsahibəsində deyib ki, Türkiyə ilə İran arasında heç bir problem yoxdur və əlavə edib ki, İran "Türkiyənin dostu" olub və dostu olaraq da qalır.

Amma Yaxın Şərq üzrə amerikalı ekspert Devid Şenker (David Schenker) hesab edir ki, Türkiyə ilə İsrail arasında strateji əlaqələrin qorunmasına baxmayaraq, bu yaxınlarda təlimlərin ləğv olunması və Ankaranın Dəməşq və Tehranla münasibətlərini bərpa etməsi, Türkiyə ilə İsrailin bir-birinə inamında problem yaradır.

"Türkiyənin hakim partiyasının Suriya və İrana olan rəğbətini nəzərə alsaq, onda gələcəkdə Türkiyənin tərəflərin (ərəb ölkələri və İsrail) yaxınlaşmasında məhsuldar rol oynayacağına ümid və şans azdır. Hələ ki, Vaşinqton tərəflər üçün yeganə vasitəçidir", - Vaşinqton institutunun Yaxın Şərq üzrə (Washington Institute for Near East Policy) aparıcı analitiki Şenker Trend -a elektron poçt vasitəsilə deyib.

Türkiyəli deputat Bal hesab edir ki, qonşularla, məsələn Suriya ilə münasibətləri bərpa edərkən Türkiyə sayıqlığını itirməməlidir. Belə ki, Ankara on il əvvəl bu ölkə ilə müharibənin bir addımlığında idi.

Analitiklər Türkiyənin bir il əvvəl olduğu kimi yenidən ərəb ölkələri və İsrail arasında vasitəçilik edə bilməsini də istisna edirlər.

"Ankara Suriya ilə İsrail arasında yeganə vasitəçi olduğu zaman, onun Dəməşq kimi İsraillə də yaxşı münasibətləri var idi", - Misirin "Əl-Əhram" strateji araşdırmalar mərkəzinin İsrail siyasəti üzrə aparıcı analitiki Emad Cad Trend -a telefonla deyib.

Onun sözlərinə görə, Suriya və ideologiya baxımından ona yaxın olan Fələstinin Həmas təşkilatı, Türkiyənin İsraillə sülh danışıqlarında vasitəçi olamaq təşəbbüsünü dəstəkləyəcəklər. Amma Ankara danışıqlarda vasitəçi olmaqdansa, ərəbləri dəstəkləsə, daha yaxşı olar.

"Vasitəçilər qarşısında duran əsas tələb, bütün tərəflərlə yaxşı münasibət saxlamaqdır. Hazirda Türkiyənin İsraillə belə münasibəti yoxdur",- Cad deyib.

Misirli analitik hesab edir ki, Türkiyə sülh prosesində Misiri əvəz etməyə can atır.

Israilli analitik Eytan Qilboa da onunla razılaşır və bu yaxınlarda Türkiyə ilə İsrail arasındakı münasibətlərdə baş verən gərginlikdən sonra Türkiyənin İsrail-ərəb münaqişəsində vasitəçiliyini istisna edir.

"Türkiyə İran və Suriyanın tərəfinə keçməklə, yalnız İsraildən deyil, İranın nüvə proqramının Yaxın Şərqdə stabillik, təhlükəsizlik və sülhün bərpa olunması üçün böyük təhlükə hesab edən bir çox ərəb ölkələrindən də uzaqlaşdı", - İsrailin "Beqin-Sadat" strateji araşdırmalar mərkəzinin beynəlxalq əlaqələr üzrə professor Qilboa Trend -a elektron poçt vasitəsilə deyib.

Qilboa hesab edir ki, Türkiyə Baş nazirinin İsraili dəfələrlə məzəmmət etməsi, həmçinin Ankaranın "ərəb-İsrail barışığının bir nömrəli əleyhidarı" olan İranla əlaqələr qurması, Türkiyənin ərəb-İsrail danışıqlarında hər hansı rolunu aradan qaldırdı.

Ona görə də analitiklər ABŞ-ın ərəb-İsrail danışıqlarında yeganə və əsas vasitəçi olaraq qalması fikrində yekdildirlər.

İsrail mətbuatının yazdığına görə, Klinton sülh prosesləri üçün kritik olan bir zamanda - fələstinlilərlə israillilər danışıq masası arxasına oturmaqdan imtina etkiləri bir vaxtda regiona səfər edir.

İsrailin "Haaretz " yazır ki, Barak Obama administrasiyası sülh prosesinin çətin vəziyyətə düşdüyü bir vaxtda tərəflərlə dialoq aparmağı planlaşdırır.

Cad hesab edir ki, ABŞ-ın hazırki siyasətində problemlərin olmasına baxmayaraq, bu ölkə vasitəçi kimi İsrail-Fələstin münaqişəsinin həllində birinciliyi qoruyub saxlayır.

"Sülh prosesinin bu mərhələsində ABŞ-la Türkiyə arasında paralellər aparmaq olmaz. Yeganə vasitəçi ABŞ-dır", - Cad hesab edir.

Obama Türkiyə Baş nazirini ABŞ-a səfər etməyə dəvət edib. Səfərin dekabrda baş tutacağı güman edilir.

Türkiyə mətbuatının məlumatına görə, Amerika Prezedenti ilə Türkiyə Baş nazirinin görüşü zamanı Yaxın Şərqdəki sülh prosesi əsas müzakirə mövzusu olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti