...

ÜTT-yə daxil olmaq Aİ ilə Azərbaycan arasında yeni əməkdaşlıq imkanları yaradacaq – Böyük Britaniyanın səfiri Karolin Braun (MÜSAHİBƏ)

Siyasət Materials 4 Noyabr 2009 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir V.Javoronkova/

Trend -un Avropa redaksiyasının Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun ilə müsahibəsi

 - Ötən həftə siz Naxçıvan Muxtar Respublikasına səfər etmisiniz. Bu səfərlə bağlı təəssüratlarınız necədir? Böyük Britaniyanın Naxçıvan MR ilə əməkdaşlığı üçün hansı perspektiv sahələr var?

- Azərbaycana ilk dəfə 1988-ci ildən gəlməyimə baxmayaraq, bu, Naxçıvana ilk səfərim idi. Bu region haqqında çox şey eşitmişəm, lakin öz gözlərimlə görmək istədim. Üç gün ərzində Naxçıvanda bacardığım qədər hər bir kəslə söhbət etmişəm.

Görüşdüyüm şəxslər arasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, XİN-in Naxçıvan Departamentinin üzvləri, bütün əsas siyasi partiyaların ("Yeni Azərbaycan", "Ümid", "Müsavat", "Xalq Cəbhəsi" və "Vətəndaş və İnkişaf") nümayəndələri, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Naxçıvan Dövlət Universitetinin rektoru, dörd QHT-nin nümayəndələri, həmçinin Naxçıvanda yaşayan xarici və beynəlxalq nümayəndələr var. 

Naxçıvan Dövlət Universitetinin gənc tələbələrindən ibarət qrup ilə söhbət keçirilib. Tələbələrə bildirmişəm ki, təhsilin açarı sual verməkdən çəkinməməkdir. Səfərimin yekunları əsasında mətbuat konfransı keçirilib. Culfada İranla sərhəddə yerləşən gömrük məntəqəsinə və Ermənistanla sərhəd yaxınlığındakı dağa gəzinti həyata keçirilib. Mən rast gəldiyim hər bir kəslə - mağazalardakı, küçələrdəki, Əshabi-Kəhf kompleksindəki insanlar və tələbələrlə söhbət etmişəm.

Naxçıvana səfərimin əsas səbəblərindən biri Azərbaycan hökumətinin Avropa ilə tərəfdaşlığın inkişafı üzrə strateji seçiminin dəstəklənməsi çərçivəsində hökumətim tərəfindən maliyyələşdirilən layihə olub. Biz bu seçimi bəyənirik və hörmət edirik - məhz buna görə də Böyük Britaniyanın vergi ödəyicilərinin pulları bu kimi layihələrə sərf olunur. Bu kokret layihə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbərliyi altında həyata keçirilir və söz azadlığı və insan haqları sahəsindəki digər məsələlərə aiddir.

Əməkdaşlığın mümkün sahələrinə gəldikdə isə, Vasif Talıbov məndən mədəniyyət və təhsil sahələrində inkişaf yollarını nəzərdən keçirməyi xahiş etdi. Biz bu məsələni Böyük Britaniyanın Preston və digər yerlərdəki universitetləri ilə əlaqələr quran Naxçıvan Dövlət Universitetinin rektoru ilə müzakirə etmişik. Mən bu əlaqələrin gələcəkdə də inkişafı üçün yollar tapmağı səbirsizliklə gözləyirəm.

Səfərim zamanı toxunmadığımız məsələlərdən biri Böyük Britaniya ilə Naxçıvan arasında ticarət imkanları olub.

- Ümumiyyətlə, Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? İki ölkə arasında əməkdaşlığının genişləndirilməsi üçün hansı addımları vacib hesab edirsiniz?

- Bir sözlə desək, mən ölkələrimiz arasındakı münasibətlər səviyyəsini dinamik inkişaf edən kimi qiymətləndirərdim. Münasibətlərimiz artıq mövcud olan əməkdaşlıq sahələrində, misal üçün, qeyri-karbohidrogen ticarəti və xidmət sahəsində inkişaf edir. Digər misal Əfqanıstanda beynəlxalq koalisiya çərçivəsində birgə çalışan qoşunlarımız ola bilər. 

Bizim ikitərəfli əməkdaşlığımız yeni sahələrdə də inkişaf edir. Buna misal olaraq, Böyük Britaniya və Azərbaycanın hüquq-mühafizə orqanlarının beynəlxalq sərhədlərin keçilməsi zamanı qayda pozuntuları sahəsində olduqca müsbət əməkdaşlığını göstərmək olar. Buna gözəl nümunə bu yaxınlarda baş verib - bu birgə layihəyə cəlb olunan Böyük Britaniyanın hüquq-mühafizə orqanlarından mənə bildirilib ki, bu, onlar üçün Avropa İttifaqının üzvü olmayan ölkə ilə işdə müsbət təcrübə olub.

Siz özünüz İlham Əliyevin bu il Londona sonuncu rəsmi səfəri zamanı Böyük Britaniyanın Baş naziri və Azərbaycan Prezidentinin birgə kommünikesində qeyd olunan maddələrin sayına baxaraq, ikitərəfli münasibətlərin xarakteri barədə mülahizə yürüdə bilərsiniz.

Əlbəttə, hər bir münasibətdə olduğu kimi, bəzi məsələlərdə mövqelərimiz oxşardır, bəzi məsələlərdə isə oxşar deyil. Misal üçün, BBC ümumdünya xidmətinin Azərbaycanda rolu. Belə ki, birgə kommünikedə bu mövzuya dair müzakirələrin davam etdirilməsi haqqında razılıq var. Bu yaxınlarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüşüm olub. Görüş zamanı Həsənov BBC ümumdünya xidmətinin nümayəndələrini Azərbaycana səfər etməyə və müzakirələri davam etdirməyə dəvət edib.

- Hazırda Azərbaycanda qeyri-neft sektoru fəal inkişaf edir, lakin ölkədə Britaniya investisiyaları BP simasında əsasən neft sektoruna yönəldilib. Fikrinizcə, Azərbaycanın qeyri-neft sektorunun əsas hansı sahələri britaniyalı biznesmenlər üçün maraqlı olacaq?

- Ölkəniz karbohidrogen sahəsinə beynəlxalq investisiyaların cəlb edilməsi və saxlanması şəraitinin yaradılmasında inanılmaz dərəcədə uğurlar əldə edib. Bunlar bir çox ölkələrin, o cümlədən qonşularınızın hələ əldə etməli olduqları nailiyyətlərdir. Növbəti məsələ bu şəraitin ölkənizin iqtisadiyyatının bütün digər sahələrində genişlənməsidir.

Britaniyalı biznesmenlər, o cümlədən britaniyalı qadınlar potensialın harada mövcud olması imkanlarını öyrənirlər. Bakıda yaşadığım iki il ərzində hasilat sektorundan kənarda fəaliyyət göstərən, Azərbaycan ilə işgüzar münasibətlərin qurulmasında maraqlı olan Britaniya müəssisələrinin genişlənən spektrini gördüm.

Əsas marağın olduğu sahələrdən biri Azərbaycanda inkişaf edən maliyyə xidmətləridir. London-Siti merinin iyul ayında Bakıya səfərindən sonra bu sahədə ikitərəfli münasibətlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, Böyük Britaniyada Azərbaycan investisiyasının perspektivlərini, həmçinin Azərbaycanda Böyük Britaniya investisiyasının perspektivlərini ilk dəfə özündə birləşdirir.

Daha bir müsbət hadisə bir neçə ay öncə özəl sektorun ticari və investisiya əlaqələrinin gələcək inkişafı məqsədilə yeni bir təşkilatın - İngiltərə-Azərbaycan Biznes-Şurasının yaradılması qərarı oldu.

- Siz Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi rolunu necə qiymətləndirirsiniz?

- Hökumətim əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin hamı tərəfindən qəbul olunan prinsiplərə və beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh yolu ilə həllinə yönələn işin tərəfdarıdır. Təcrübi nöqteyi-nəzərdən, biz buna görə də ATƏT-in Minsk qrupunun hər iki tərəf üçün bu cür həll yollarının tapılmasında kömək səylərini dəstəkləyirik. Bizim dəstəyimiz həm siyasi, həm də təcrübidir. Misal üçün, Minsk qrupuna mandatını yerinə yetirməsi üçün Böyük Britaniyadan heyət və təcrübə təqdim edirik. Biz, həmçinin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələrin stimullaşdırılması və inkişafı üzrə müxtəlif layihələri maliyyələşdiririk. Belə ki, bu əlaqələr sülh yolu ilə nizamlanma əldə olunan kimi onun uğurla həyata keçirilməsində həlledici əhəmiyyət daşıyacaq.

- Sizcə, Ermənistan-Türkiyə münasibətlərinin yaxınlaşması Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilərmi?

- Bəli, belə hesab edirik. Biz Türkiyə və Ermənistan arasında diplomatik və ikitərəfli əlaqələrin qurulmasına dair razılaşmanı əlaqələrin normallaşdırılması istiqamətində atılan mühüm addım hesab edirik. Biz regiona müsbət təsirini təmin etmək üçün bütün maraqlı tərəfləri bu prosesi dəstəkləməyə çağırırıq.

- Fikrinizcə, Azərbaycanın Aİ-yə inteqrasiyası üçün hansı forma daha çox qəbul olunandır?

- Düşünürəm ki, bu sual yalnız Azərbaycan hökumətinin cavab verə biləcəyi suallara aiddir.

Müxtəlif üsullar var ki, onların köməyi ilə başqa ölkələr Avropa İttifaqı ilə əlaqələr qurublar. Bunun baş verməsi üçün müxtəlif yollar var, məsələn, mənim ölkəmin o zaman Avropa Cəmiyyəti adlanan Aİ ilə münasibətlərin inkişafı zamanı əsaslandığı səbəblər Estoniya, Portuqaliya, Kipr və Ukraynanın əsaslandığı səbəblərdən tamamilə fərqlənir. Lakin əsas odur ki, münasibətlər həqiqətən də inkişaf edir. Mənim hökumətim məhz bu səbəbdən keçmiş Sovet İttifaqına daxil olan altı ölkə ilə Aİ arasında "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı dəstəkləyir.

Aİ-nin ümumi prinsiplərinə və normalarına əsaslanmış əlaqələrin genişlənməsi keçən ay Lüksemburqda Azərbaycan və Aİ ölkələrinin xarici işlər nazirləri səviyyəsində müzakirə mövzusu olub.

Mənim Azərbaycan üçün məsləhətim, birinci addım kimi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaqdır. Bu avtomatik olaraq Azərbaycan və Aİ arasında əməkdaşlığın yeni imkanlarını açacaq. Tərəflər zaman-zaman sektorların geniş diapazonunda əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirəcəklər. Əlbəttə, ÜTT-yə daxil olmaq hər şeydən əvvəl üzvlüyə dair danışıqların başa çatmasını tələb edir. Lakin mən əminəm ki, müzakirələr üzərində çox çalışılarsa, bu, əldə edilə bilər.

Xəbər lenti

Xəbər lenti