Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Ü.Sadıxova/
Azərbaycanın Tehrandakı səfirliyi azərbaycanlı alimin həbs edilməsi məsələsini nəzarət altında saxlayır, diplomatiya çərçivəsində bütün mümkün tədbirlər görülür. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif Sadıxov bazar ertəsi Trend -a deyib.
"Azərbaycan vətəndaşlarının hüquqlarına hər zaman riayət olunur və bu hüquqların müdafiəsi hər zaman dövlətin diqqət mərkəzindədir", - nazir müavini deyib.
Onun sözlərinə görə, azərbaycanlı alimin səhhəti normaldır.
İranın "Sazan Eleсtronics Industry" şirkətinin dəvəti ilə və BDU ilə əməkdaşlığa dair müqavilə çərçivəsində BDU-nin Fizika Problemləri İnstitutunun fiziki-bioloji sistem laboratoriyasının baş mühəndisi Rəşad Əliyev 2009-2008-ci illərdə bu şirkətdə işləyib. Şirkət rəhbərliyi alimə daimi yaşayış üçün İrana getməyi təklif etsə də Əliyev bu təklifi qəbul etməyib və tezliklə Vətənə qayıdıb. Şirkətin direktoru Abbas İftixarinin israrlı xahişindən sonra Əliyev oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemi bəhanəsi ilə həbs edilib.
"Rəşid Əliyevin həbsinin firmamızla BDU arasında bağlanan müqaviləyə heç bir aidiyyatı yoxdur", - "Sazan Eleсtronics Industry" şirkətinin direktoru İftixari bir müddət öncə Trend -a deyib.
Azərbaycanın Ədliyyə Nazirliyi azərbaycanlı mütəxəssisin işi ilə əlaqədar İranın müvafiq strukturlarına sorğu göndərib.
Hazırda Əliyev Evin həbsxanasının 5-ci korpusunda saxlanılır.