...

AŞPA həmməruzəçiləri iyunda Azərbaycana səfərləri haqqında hesabat təqdim edəcəklər

Siyasət Materials 8 Fevral 2010 18:55 (UTC +04:00)

Azərbaycan, Gəncə, 08 fevral / Trend , müxbir V.Məmmədov/

AŞPA həmməruzəçiləri iyun ayında Azərbaycana səfərləri haqqında hesabat təqdim edəcəklər. Bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Gəncədə jurnalistlərə bildirib.

"Gəncəyə səfər bizim təşəbbüsümüzdür, belə ki, biz nəinki Bakıda, eləcə də ölkə regionlarındakı vəziyyətlə tanış olmaq istəyirik", - Herkel deyib.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər.

Bu gün həmməruzəçilər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüblər.

Sabah polis qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş, həmçinin, N2 istintaq təcridxanasına baş çəkmək planlaşdırılır.

Həmməruzəçilərin Azərbaycana səfərinə dair qərar Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında 2009-cu il dekabrın 17-də qəbul edilib.

Səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin (parlament) sədri, baş prokuror, ədliyyə naziri, MSK, Milli Televiziya və Radio Şurasının sədri, Ombudsman Aparatının rəhbərliyi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin iqtidar və müxalifət partiyalarının rəhbərləri, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

Bakıdan 365 kilometr aralı yerləşən Gəncə Azərbaycanın ikinci böyük şəhəridir.

Xəbər lenti

Xəbər lenti