...

Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən qanunsuz dövriyyədən 1 tondan artıq narkotik vasitə çıxarılıb - general-mayor Əli Şəfiyev

Siyasət Materials 17 Mart 2010 17:03 (UTC +04:00)
Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən ötən il qanunsuz dövriyyədən 1 tondan artıq narkotik vasitə çıxarılıb. Bu barədə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində "Milli təhlükəsizliyin təminatında gənclərin rolu" mövzusunda Bakı Slavyan Universitetində bu gün keçirilən konfransda məlumat verib.
Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən qanunsuz dövriyyədən 1 tondan artıq narkotik vasitə çıxarılıb - general-mayor Əli Şəfiyev

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan milli təhlükəsizlik orqanları tərəfindən ötən il qanunsuz dövriyyədən 1 tondan artıq narkotik vasitə çıxarılıb. Bu barədə milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində "Milli təhlükəsizliyin təminatında gənclərin rolu" mövzusunda Bakı Slavyan Universitetində bu gün keçirilən konfransda məlumat verib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən Trend -a verilən məlumata görə, nazir müavini bildirib ki, nazirlik ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə də uğurlu əməliyyatlar həyata keçirib. Kecən il narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstələr və ayrı-ayrı şəxslər yaxalanıb, 100-dən artıq şəxs istintaqa cəlb olunub.

Şəfiyevin sözlərinə görə, 2009-cu ildə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilib.

Nazir müavini milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan danışıb. Onun sözlərinə görə, MTN-in fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasıdır. "İşğalçı Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənən terrorçuluq və təcavüzkar separatçılıqla mübarizənin səmərəsinin artırılması istiqamətində də ardıcıl tədbirlər görülüb. Beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınıb. "Əl-Qaidə" və "əl-Cihad" terrorçu təşkilatlarla əlaqəli olan bir sıra ekstremist qruplar zərərsizləşdirilib", - Şəfiyev bildirib.

Nazirliyin beynəlxalq əlaqələrindən danışarkən Şəfiyev deyib ki, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir, digər tərəfdaş dövlətlərin müvafiq strukturlarının bu sahədə MTN ilə əlaqələrini genişləndirməyə marağını artırır. Hazırda MTN 40 ölkənin 51 xüsusi xidmət orqanı ilə fəal əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti