Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Konyayeva/
Çinin İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı ciddi müzakirələr aparmağa hazır olması Çin tərəfinin həm ABŞ, həm də İran ilə yaxşı münasibətləri saxlamaq cəhdidir. Ekspertlər belə hesab edirlər.
"İrana qarşı sanksiyalardan danışmaq ABŞ-ın rəğbətini qazanmaq yollarından biri ola bilər", - Trend-ə MakGil Universitetinin antropologiya üzrə professoru Filipp Karl Zalsman elektron poçtla bildirib.
Ötən həftənin sonunda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays bildirib ki, Pekinin əvvəllər yeni sanksiyaların tətbiqinin müzakirəsindən imtina etməsinə baxmayaraq, Çin İrana qarşı sanksiya tədbirlərinin "ciddi müzakirəsinə" razılaşıb. Qərb mənbələri bildiriblər ki, İranla bağlı danışıqlar üzrə Çinin də daxil olduğu "altılığın" yüksəkvəzifəli diplomatları BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaların yeni qətnaməsinin hazırlanmasına dair məsləhətləşmələrə başlanması barədə razılığa gəliblər.
Zalsmanın sözlərinə görə, Çinin ABŞ ilə "xoşluqla oynamaq" üçün optimal üsul tapmaq istəyi Vaşinqton tərəfindən ona böyük təzyiqlər, xüsusən də Çin valyutasının məzənnəsi ilə bağlı təzyiqlərlə əlaqədardır ki, bu da ticarət müharibəsinə gətirib çıxara bilər.
ABŞ-ın maliyyə naziri Timoti Qaytner aprelin 4-də ABŞ-ın ticarət tərəfdaşları olan ölkələrin valyuta rejimləri haqqında illik məruzəsini üç ay təxirə salmaq niyyətində olduğunu bildirib. Məruzə əvvəlcə aprelin 15-nə nəzərdə tutulmuşdu. Gözlənildiyi kimi, sənəddə valyutanın məzənnəsinin manipulyasiyası ilə bağlı Çinin ünvanına ittihamlar əksini tapmışdı.
Zalsman hesab edir ki, Çinin Yaxın Şərqdəki maraqları dəyişməyib.
"Lakin çinlilər eyni vaxtda ABŞ-a vəd verərək, iranlılara qarşı isə sanksiyaları minumuma endirərək və ya danaraq "xoş məram"ını nümayiş etdirə bilər", - o bildirib.
Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski hesab edir ki, ABŞ-ın qeyd etdiyi sanksiyaların formatı ÇXR-in maraqlarına toxunmayacaq, belə ki, "enerjidaşıyıcıları məsələsi mötərizədən çıxarılıb". Onun fikrincə, İran üçün bu cür sanksiyalar sərt, boğucu və ani deyil.
"Çin şübhəsiz ki, İrana qarşı sanksiyaların həyata keçməsində mühüm rol oynayır", - İran tematikası ilə məşğul olan avropalı analitik Entoni Siboyer belə hesab edir.
"BMT TŞ-nin daimi üzvü olan Çinin yeni sanksiyalar haqqında müqaviləni blok etmək imkanı var", - Almaniyanın Xarici Münasibətlər Şurasının (DGAP) analitiki Siboyer elektron poçt vasitəsilə Trend-ə bildirib.
Onun sözlərinə görə, Çin maraqları şübhəsiz ki, yeni sanksiya layihəsinin hazırlanması prosesində böyük əhəmiyyət kəsb edir.
Bundan əlavə, Siboyer hesab edir ki, Çin tərəfinin İrana qarşı tədbirlərin sərtləşdirilməsini istəməməsinə baxmayaraq, hazırda sanksiyanın dördüncü raundunun qəbul edilməsi üçün heç vaxt olmadığı kimi böyük imkanlar var.
ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və TŞ İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.
Tehran Universitetinin professoru Piruz Müctəhidzadə hesab edir ki, əgər Çin ABŞ-dan müəyyən güzəştlər alsa, o zaman daha əvvəl baş verdiyi kimi, İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyəcək.
"İran bunu yaxşı bilir, buna görə də Çinə müəəyən güzəştlər getməyə çalışır, lakin Çin və ABŞ arasında iqtisadi əməkdaşlıq açıq-aşkar genişdir və İran Pekini Vaşinqtondan uzaqlaşdırmağa müfəvvəq olmayacaq", - "Avrosevik" Araşdırmalar Mərkəzinin rəhbəri Müctəhidzadə (Urosevic Research Foundation of London) Londondan telefon vasitəsilə Trend-ə deyib.
Lakin Zalsman İrana qarşı hansısa sanksiyanın tətbiq edilməsi, yaxud sanksiyaların sərtləşdirilməsi ilə Çinin razılaşacağına şübhə edir.
"Danışmaq razılaşmaq demək deyil, danışıqlar aparmaq hərəkət etmək anlamına gəlmir", - o deyib.
Materialın hazırlanmasında Y.Ostapenko, D.Xatınoğlu iştirak edib.