Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Ü.Sadıxova/
Digər ölkələr kimi İsrail də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi üzrə sammitin məqsədlərinə diqqətini cəmləmək fikrindədir, başqa məsələləri müzakirə etmək niyyətində deyil. Bunu Trend-ə İsrailin Atom Enerjisi Üzrə Komissiyasındakı mənbə deyib.
"Yüksək səviyyədə görüşdə (Vaşinqtonda) məqsəd nüvə təhlükəsizliyi məsələlərinin, yəni Təhlükəsizlik Şurasının 2004-cü ildə qəbul etdiyi 1540 saylı qətnaməyə uyğun olaraq, terrorçular da daxil olmaqla, qeyri-dövlət subyektlərinə qarşı münasibətdə nüvə materiallarının təhlükəsizliyinin müzakirəsidir", - mənbə deyib. - "İsrail diqqətini sammitin məqsədlərinə yönəltmək niyyətindədir, onu başqa məsələlərlə qarışdırmaq niyyətində deyil. Biz ümid edirik, digərləri də nüvə təhlükəsizliyi üzrə mühüm problemləri birgə həll etmək üçün bu xəttə əməl edəcəklər".
Gələn həftə Vaşinqtonda 44 dövlətin iştirakı ilə başlayacaq sammitdə İsraili əvvəl planlaşdırıldığı kimi Baş nazir Benyamin Netanyahu deyil, kəşfiyyat işləri və nüvə enerjisi naziri Dan Meridor təmsil edəcək.
"Biz sammitə Baş nazirin müavini Meridoru göndərmək barədə qərar qəbul etdik", - Trend-ə İsrail hökumət nümayəndəsi Mark Reqev deyib.
BBC İsrail KİV-ə istinadən bildirib ki, Netanyahunun səfərinin ləğv olunmasının səbəbi İsraildə atom bombalarının olması ehtimalı ilə bağlı məsələnin qaldırılması və ölkənin nüvə silahının yayılmaması haqqında müqaviləni (NSYM) imzalamaq istəməməsinə görə tənqid olunması ilə bağlı Misir və Türkiyənin planları olub.
Lakin Reqevin sözlərinə görə, İsrail hökuməti bu məsələ ilə bağlı rəsmi bəyanatla çıxış etməyib.
Uzun illərdir, İsrailin mövqeyi ölkənin nüvə arsenalına malik olmasını nə təsdiqləmək, nə də təkzib etməkdən ibarətdir.
Amerikanım qeyri-hökumətyönlü ekspertlərinin məlumatına görə, Təl-Əviv, təxminən, 80 atom bombasına malik ola bilər.
Yaxın Şərqin nüvə silahından təmizlənməsinə tərəfdar olan Misir və Türkiyə İsraildən BMT üzvü olan 189 ölkə tərəfindən ratifikasiya olunan nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmağı tələb etmək niyyətindədir.
İsrail Hindistan, Pakistan və KXDR ilə birlikdə NSYM-ə qoşulmaqdan imtina ediblər.
Müqavilənin müzakirəsi üzrə növbəti sammit mayda Nyu-Yorkda olacaq. Lakin Atom Enerjisi Üzrə Komissiyadakı mənbənin sözlərinə görə, İsrail bu sammitdə iştirak etməyi planlaşdırmır.
"İsrail NSYM-in üzvü deyil, odur ki, sammitdə iştirak etməyəcək. Təbii ki, İsrail bu konfransda qəbul olunacaq qərarlara əməl etməyə borclu deyil", - mənbə açıqlama verib.