...

Qambiya Respublikasının xarici işlər naziri Qubada soyqırım məzarlığını ziyarət edib

Siyasət Materials 12 Aprel 2010 11:15 (UTC +04:00)
Qambiya Respublikasının xarici işlər naziri Usman Cammehin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-də Qubada soyqırım kütləvi məzarlığını ziyarət edib.
Qambiya Respublikasının xarici işlər naziri Qubada soyqırım məzarlığını ziyarət edib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Qambiya Respublikasının xarici işlər naziri Usman Cammehin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-də Qubada soyqırım kütləvi məzarlığını ziyarət edib.

Quba Rayon İcra Hakimiyyətindən bazar ertəsi Trend-ə bildiriblər ki, soyqırım məzarlığını ziyarət edən Qambiya dövlət nümayəndələrinə ermənilərin 1918-ci ildə Qubada törətdiyi vəhşi qırğınlar barəsində məlumat verilib. Ermənilərin törətdiyi soyqırım qurbanı olan dinc Quba sakinlərinin sümüklərində görünən işgəncə izləri ziyarətçilərə əyani şəkildə göstərilib.

Gördüklərindən təsirlənən qambiyalı nazir Azərbaycanın haqq səsini beynəlxalq arenada müdafiə etmək üçün təşəbbüskar olacaqlarını bildiriblər.

Trend-in arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gündə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Qubada aşkarlanan kütləvi məzarlıqda ölənlərin erməni daşnakları tərəfindən 1918-ci ildə törədildiyi sübuta yetirilib. Heydər Əliyev Fondu tərəfindən "Soyqırım memorial kompleksi"nin layihəsi hazırlanıb.

Qonaqlar Qubadakı sənaye müəssisələrində, eləcə də dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbədə olublar, Ərdəbil məscidində namaz qılıblar.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti