Trend-in Avropa redaksiyasının icmalçısı Elmira Tarıverdiyeva
Son günlər Qırğızıstanda baş verən faciəvi hadisələr Prezident Kurmanbek Bakiyevin hakimiyyətinin tezliklə əvəz edilməsindən sonra ölkənin inkişaf yolu barədə düşünməyə əsas verir. Dünya ictimaiyyətini narahat edən əsas məsələ odur ki, ölkə rəhbərliyinin əvəz edilməsi və Qırğızıstanda yeni prezident seçkilərindən sonra Qırğızıstana hansı xarici oyunçunun təsiri həlledici olacaq. Bişkəkə güclü tərəfdaşın təsiri qaçılmazdır, belə ki, Qırğızıstan müvəffəqiyyətə nail olmaq üçün xarici dəstək tələb edən zəif dövlətdir.
Əsas odur ki, Qırğızıstandakı çoxsaylı qurbanlarla müşahidə olunan qarşıdurma heç bir üçüncü dövlətin təşəbbüsü deyil. Xalq sadəcə olaraq Bakiyevin idarəçilik formasından bezib. İctimaiyyət və hakimiyyət arasında uzun sürən münaqişənin nəticəsi qanlı qırğındır. Son beş il ərzində ölkənin bütün resursları Bakiyevin ailəsi tərəfindən monopoliya edilib. Rüşvətxorluq, mükiyyətin elitar hakimiyyətin nümayəndələrinin əlində cəmləşməsi, bürokratizm, hakimiyyətin əhali ilə konstruktiv dialoqdan imtina etməsi fonunda Bakiyevin tamamilə qəsb etdiyi hakimiyyət mitinqlərin keçirilməsinə qadağa qoymuş, bütün müxalifət KİV-lərini bağlamış və müxalifət liderlərini həbs etmişdir.
Anlaşılandır ki, Bakiyev eyni zamanda həm Moskva, həm də Vaşinqtonu qane edən şəxs idi. Lakin Qırğızıstan lideri iki cəbhədə oynayırdı: gah Əfqanıstanla ABŞ-ı birləşdirən "Manas"dakı hərbi bazanın saxlanması ilə bağlı Birləşmiş Ştatlarla razılıq əldə edir, gah da ki, faizsiz kredit müqabilində amerikalıların bazadan çıxarılması barədə Moskva ilə danışıqlar aparırdı.
Bütün bunlara baxmayaraq, həm Rusiya, ABŞ, Çin, Avropa İttifaqı, həm də digər Mərkəzi Asiya dövlətləri həmin ölkədə siyasi stabilliyin qorunub saxlanmasını istəyirdilər.
Lakin artıq heç nəyi düzəltmək olmaz, Bakiyev hakimiyyətə qayıtmayacaq və Moskva şansdan istifadə edə və öz geostrateji maraq dairəsini genişləndirə bilər.
Kreml bu istiqamətdə artıq ilk dəqiq addım atıb. Rusiyanın Baş naziri Vladimir Putin müvəqqəti hökumətin yaradılmasından dərhal sonra Qırğızıstandakı yeni hökuməti tanıyıb.
Və artıq bu həftənin əvvəli Qırğızıstan müxalifətinin lideri və Qırğızıstan müvəqqəti hökuməti sədrinin birinci müavini Almazbek Atambayev Moskvaya səfər edib.
Bununla bağlı Atambayev bildirib ki, Qırğızıstan Rusiyadan 150 milyon dollardan çox əvəzsiz yardım almağı nəzərdə tutur. Onun sözlərinə görə, bu barədə razılaşma müvəqqəti hökumətin Moskvadakı danışıqları zamanı əldə edilib.
"Moskvadakı danışıqlar zamanı bizim məsələlər böyük anlayışla qəbul olunub. Bizi inandırıblar ki, Qırğızıstan Rusiya üçün qardaş ölkədir və Qırğızıstanın problemi Rusiyanın problemidir. Birigün sonra Moskvaya danışıqlar üçün Baş nazirin müavini Temir Sarıyevin başçılığı altında müvvəqqəti hökumətin nümayəndə heyəti yola düşəcək", - Atambayev bildirib. Bu barədə RİA Novosti məlumat verir.
Prezidentlik vəzifəsinə daha çox ehtimal olunan namizəd Atambayev bildirib ki, Rusiyanın yüksəkrütbəli məmurları ilə danışıqlarda RF-nin Qırğızıstandakı investisiya layihələrinin davam etdirilməsi və Qırğızıstanla ikili vətəndaşlıq məsələsi müzakirə edilib.
Qırğızıstan müxalifətinin yaxın zamanlarda ölkəni idarə edəcək liderlərindən birinin istiqaməti şübhəsiz ki, Rusiya yönümlüdür.
İyirmi illik çaşqınlıqdan sonra Rusiya 2008-ci ildə Gürcüstandakı avqust hadisələri zamanı keçmiş Sovet İttifaqı ölkələrində maraqlarının olduğunu bəyan edib.
Bu gün Moskvaya əldən verə bilməyəcəyi bir şans verilir. İndi Kreml nəqliyyat marşrutları və mühüm strateji enerji resurslarına nəzarət üçün ABŞ və Çin ilə rəqabətdə üstünlük əldə edə bilər.
Taliblərə qarşı hərbi əməliyyatlara görə narahat olan ABŞ administrasiyası hazırda Qırğızıstanda bircə şeyi - Əfqanıstandakı koalisiya qoşunları üçün yüklərin böyük hissəsinin nəql olunduğu "Manas" bazasının saxlanmasını və hər ay şəxsi heyətin daşınmasının 10 faiz artdığı ABŞ-ın Qırğızıstandakı ikinci aviabazası "Qansi"nin normal fəaliyyət göstərməsini istəyir.
Ola bilsin ki, sözügedən məsələdə Moskva ABŞ-a güzəştə getsin. Müvəqqəti hökumətə rəhbərlik edən sabiq XİN rəhbəri Roza Otunbayeva artıq bildirib ki, "Manas"a dair müqavilənin bütün şərtlərinə əməl olunacaq. Kreml Qızğıstanın pula ehtiyacı olduğunu bilir. Ölkə bunu "Manas"dan istifadəyə görə əldə edir.
Bu zaman görünür ki, Vaşinqtonun Qırğızıstan müxalifətinin dəstəyini almaq imkanı yoxdur, belə ki, "Manas" ilə həssas vəziyyəti nəzərə alaraq, ABŞ son zamanlar qırğız hakimiyyəti tərəfindən insan hüquqlarının pozulmasına və Bakiyevlə mübahisələrdən yayınmaq üçün demokratik normaların gözlənilməsinə göz yumub.
Moskva yenidən böyük geosiyasi oyuna hazırdır, Kremlə lazım olan hər şey, göründüyü kimi, keçmiş SSRİ ölkələri ərazilərində üçrəngli inqilabların acınacaqlı nəticələrini görmək üçün bir qədər gözləməkdir.