Azərbaycan seçkilərin pozulmasına yönələn tövsiyələri qəbul etməyəcək - Əli Həsənov

Siyasət Materials 16 Aprel 2010 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Tövsiyələr, həqiqi mənada, Azərbaycanda seçki praktikasının yaxşılaşdırılmasına, həm qanunverici, həm də digər hakimiyyət qollarının formalaşmasına yardım edir; eləcə də Azərbaycanın imicinə müsbət təsir göstərir. Biz məmnuniyyətlə onları qəbul edirik, - Trend-in məlumatına görə, bunu beynəlxalq təşkilatların seçki komissiyalarının formalaşması barədə tövsiyələrinə münasibət bildirərkən, cümə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Amma o təkliflər ki seçkilərin taleyini ayrı-ayrı insanların iradəsindən asılı vəziyyətə salır və müəyyən anda seçkilərin pozulmasına yönəlir, biz buna dövlət olaraq imkan verə bilmərik. Biz dövlətik və seçkilərin keçirilməsi dövlətin üzərindədir. Sabah seçki pozulanda heç bir Avropa təşkilatı bunun məsuliyyətini öz üzərinə götürməyəcək. Bunun məsuliyyəti Azərbaycan dövlətinin və seçki institutlarının üzərində qalacaq", - Həsənov deyib.

ATƏT və Avropa Şurasının Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılması, seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərinin tənzimlənməsi və digər məsələlərlə bağlı tövsiyələr edib.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti