Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Tarıverdiyeva/
Ukraynanın xarici siyasətini prezident və Xarici İşlər Nazirliyi formalaşdırır və Ukraynanın GUAM formatında əməkdaşlığı ilə bağlı məsələyə ötən həftə xarici işlər naziri Konstantin Qrişenko tərəfindən aydın açıqlama verilib. Bunu Trend-ə GUAM-ın baş katibi Valeri Çeçelaşvili Ali Radanın sədri Vladimir Litvinin sözlərini şərh edərkən deyib.
"GUAM çərçivəsində əməkdaşlıq ikinci plana keçir", - Ukrayna Ali Radasının sədri Vladimir Litvin çərşənbə günü mətbuat konfransında deyib. Bu barədə RİA-Novosti məlumat yayıb.
"Biz bu gün bu mövzu (GUAM) üzərində işi dayandırmışıq. Mənə belə gəlir ki, ona marağı hamı itirib - təşkilatın iştirakçıları da, layihənin təşəbbüsçüləri də", - Litvin qeyd edib. Onun sözlərinə görə, Ukrayna "Bu gün Aİ-nin "Şərq Tərəfdaşlığı"nın nə verəcəyini düşünür".
Ukrayna XİN rəhbəri Konstantin Qrişenko ötən cümə günü bildirib ki, ölkənin hazırkı rəhbərliyi GUAM-ın birləşməsində iştirak təcrübəsinin ciddi təhlili ilə məşğul olub və yaxın vaxtlarda bu beynəlxalq təşkilatın fəaliyyətinin yaxşılaşdırılması üzrə təkliflərini təqdim edəcək.
"Biz hansı işlərin görüldüyünü ciddi təhlil edirik və Ukraynanın iqtisadi maraqlarının irəliləməsi üçün bu qurumda iştirakımızı hansı yolla daha da yaxşılaşdırmaq üçün mövqeyimizi müəyyən edirik", - nazir bildirib.
Çeçelaşvili bildirib ki, onun nazirin sözlərinə əlavəsi yoxdur.
GUAM formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə qurumu tərk edib. 2006-cı ildə Kiyevdə bu formatın ilk sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və yeni adla - GUAM - demokratiya və iqtisadi inkişaf naminə təşkilat adlandırılması barədə qərar qəbul olunub.