...

Dəniz Baykalın istefası Cümhuriyyət Xalq Partiyasının sonu demək deyil –TURKSAM prezidenti

Siyasət Materials 14 May 2010 09:00 (UTC +04:00)
Türkiyənin ən iri müxalifət partiyasının rəhbəri Dəniz Baykalın istefası qarşıdakı parlament seçkilərində partiyanın dağılmasına gətirib çıxarmayacaq. Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) prezidenti Sinan Oğan belə düşünür. Ekspert hesab edir ki, Cümhuriyyət Xalq Partiyasına yeni liderin gəlişi partiyanın fəaliyyətinin yenilənməsinə və hətta qarşıdakı parlament seçkilərində irəliləməsinə kömək edəcək.
Dəniz Baykalın istefası Cümhuriyyət Xalq Partiyasının sonu demək deyil –TURKSAM prezidenti

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Ü.Sadıxova/

Türkiyənin ən iri müxalifət partiyasının rəhbəri Dəniz Baykalın istefası qarşıdakı parlament seçkilərində partiyanın dağılmasına gətirib çıxarmayacaq. Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) prezidenti Sinan Oğan belə düşünür. Ekspert hesab edir ki, Cümhuriyyət Xalq Partiyasına yeni liderin gəlişi partiyanın fəaliyyətinin yenilənməsinə və hətta qarşıdakı parlament seçkilərində irəliləməsinə kömək edəcək.

"Partiyaya yeni liderin gəlişi onun işinə "ikinci nəfəs" verə bilər", - Ankaradan Oğan Trend-ə telefonla bildirib. - "Baykalın təcrübəli siyasətçi olmasına, partiyaya 20 il rəhbərlik etməsinə baxmayaraq, yeni şəxs partiyanın fəaliyyətini yeniləyə bilər".

Baykal bazar ertəsi internetdə onun barəsində seks-qalmaqalla bağlı videoçarxın yayımlanmasından sonra istefa verib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifət liderinin istefasında iştirakı olduğunu təkzib edib.

Türkiyənin "Hürriyet" qəzeti Baykalın mətbuat xidmətinə istinad edərək yazır ki, partiyanın sədri postuna mümkün varis Kamal Kılıcdaroğlu ola bilər.

Kılıcdaroğlu ilə yanaşı, Türkiyənin ən iri müxalifət partiyasının rəhbəri postuna parlamentin deputatı Haluk Koç, biznesmen Umut Oran və akademik Süheyl Batum da iddia edir.

2007-ci ildəki ümumi seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının siyasətinə qarşı müxalifətə keçən CXP demokratik sol partiya ilə koalisiya qurub. Koalisiya seçicilərin 22 faizinin səsini qazanıb, 112 nəfər üzvü isə parlamentin deputatı olub.

Yeni liderin seçilməsi üzrə yekun səsvermə mayın 22-də keçiriləcək.

Oğan hesab edir ki, Kılıcdaroğlunun partiyanın rəhbəri postuna gəlişi 2011-ci ildə keçiriləcək parlament seçkilərində ona kömək edəcək.

"Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının şansları bu seçkilərdə azdır", - Oğan belə güman edir.

"Bir neçə il dalbadal hakim olan istənilən partiya kimi AKP də qarşıdakı parlament seçkilərində kifayət qədər səs toplaya bilməyəcək. Milliyyətçi Hərəkat Partiyasının irəliləyəcəyi daha inandırıcı görünür", - politoloq hesab edir.

CXP-yə gəldikdə isə TURKSAM rəhbərinin sözlərinə görə, hər şey Baykalın qalmaqalda iştirakı olmadığını sübut edə bilməsindən asılıdır.

"Baykalın öz postuna qayıda bilməsi şansları 50-nin 50-yədir. Əgər Baykal baş verənlərin ona qarşı böhtan olduğunu sübut edə və yenidən öz postuna qayıda bilsə, o zaman partiya kifayət qədər səs toplaya biləcək. Lakin əgər baş verənlər dəyişməz qalarsa, onda bunun partiya üçün mənfi nəticələri olacaq. Türkiyə xalqı müsəlmandır və belə şeyləri qəbul edə bilmir", - Oğan hesab edir.

"Hələlik Baykalın öz postunu birdəfəlik tərk edəcəyinə heç bir zəmanət yoxdur, çünki istənilən anda o, yenidən namizədliyini verə bilər", - analitik əlavə edib. Lakin bu siyasi təlatümlər o demək deyil ki, ölkə birpartiyalı idarəetmə sisteminə keçə bilər.

"Türkiyədəki partiyalar ideologiya əsasında formalaşıblar. Ona görə də onlardan heç biri öz mövqelərini heç vaxt itirməyəcəklər", - Oğan deyib.

Xəbər lenti

Xəbər lenti