...

Hərbi doktrina çevik və balanslaşdırılmış sənəddir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Siyasət Materials 4 İyun 2010 17:06 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibə
Hərbi doktrina çevik və balanslaşdırılmış sənəddir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibə

- Bu gün hərbi doktrina layihəsi cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Biz bu sənədi çox gözləmişik. Lakin ona reaksiya birmənalı deyil. Çoxlu sayda müxtəlif şərhlər və suallar var. Onlardan bəzilərinə aydınlıq gətirməyinizi istərdik. Nə üçün doktrina belə uzun müddətə işlənib hazırlanır?

- İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il sərəncamı ilə milli təhlükəsizlik siyasəti sahəsində işçi qrupu yaradıldı və bu qrup milli təhlükəsizlik konsepsiyasını işləyib hazırlamağa başladı. 2007-ci il mayın 23-də cənab Prezident milli təhlükəsizlik konsepsiyasını təsdiqlədi. Bu konsepsiya hərbi doktrinanın, xarici siyasət strategiyasının, iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat və s. sahələrdə konsepsiyaların hazırlanması üçün əsasdır. Bunu nəzərə alaraq, işçi qrupuna tapşırıldı ki, hərbi doktrina layihəsini və milli təhlükəsizlik konsepsiyasında nəzərdə tutulan digər sənədləri işləyib hazırlasın. Daha doğrusu, söhbət ölkənin həyat fəaliyyətinin demək olar bütün sahələrini əhatə etməli olan böyük işdən gedirdi. Bu günlərdə hərbi doktrina layihəsi cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunub.

Hərbi doktrina daxili və xarici təhlükələrdən müdafiəyə yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsaslarını müəyyən edən çox ciddi sənəddir. Eyni zamanda, doktrina milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Belə ciddi sənəd xüsusilə diqqətlə öyrənilmə tələb edir. Bundan başqa, doktrina hazırlanarkən müxtəlif ölkələrin analoji sənədləri, onların praktikada tətbiqi və müvafiq olaraq nəticələri öyrənilib. Azərbaycanın hərbi təhlükəsizliyinin ən optimal yolunun təmin edilməsi vacibdir.

- Mətbuatda belə fikirlər səslənir ki, doktrinada müttəfiqlər və Ermənistan istisna olmaqla, düşmənlər konkret göstərilməyib, sənəd dağınıqdır, konkretlik yoxdur. Bununla bağlı nə deyə bilərsiniz?

- Çox güman ki, heç kim hazırda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Azərbaycanın milli təhlükəsizliyinə mənfi təsir edən əsas faktor olduğunu inkar etməyəcək. Bundan əlavə, Ermənistanın torpaqlarımızı işğal etməsi bizim ölkə üçün real hərbi təhlükə doğurur. Buna görə də mövcud vəziyyət hərbi doktrina layihəsində birmənalı şəkildə rədd edilir.

Tərəfdaşlar və rəqiblərə gəldikdə isə, qeyd etmək istəyirəm ki, doktrina layihəsi elə bir üsulda yaradılıb ki, buna əsasən müdafiə siyasəti bizim hər hansı bir ölkəyə qarşı münasibətimizdən deyil, Azərbaycanın milli maraqlarından asılı olaraq müəyyən edilir. Məhz belə yanaşma - çağırışlara cavabların müəyyən edilməsi doktrinanı uzunmüddətli etməyə kömək edir. Bu çox vacib məqamdır. Bir çox xarici layihələrdə olduğu kimi, doktrina layihəsində də göstərilir ki, mövcud sənəd təhlükəsizlik sahəsinin dinamikliyini əks etdirən dəyişikliklər və təfərrüatlar üçün açıqdır. Bununla yanaşı, digər ölkələrin təcrübələri göstərir ki, adətən konseptual sənədlər, o cümlədən hərbi doktrina müəyyən edilmiş müddətdə islah edilir. Bu müddət beş ildən on ilə qədərdir. Bu dövr ərzində doktrina adekvat sənəd kimi qalmalıdır.

Həmçinin qeyd etmək lazımdır ki, hərbi doktrina milli təhlükəsizlik konsepsiyası ilə birlikdə gələcəkdə konsepsiya və doktrinanın müddəalarını dəqiqləşdirən və inkişaf etdirən strateji müdafiə sahəsi və digər konseptual sənədlərin hazırlanması üçün əsas hesab olunur.

Bütünlükdə milli təhlükəsizlik konsepsiyasına əsasən, Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət həyata keçirərək beynəlxalq səviyyədə qəbul olunmuş hüquq normaları əsasında bütün ölkələrlə dostluq münasibətlərinin qurulmasında maraqlıdır. Başqa sözlə desək, biz digər ölkələrlə qarşılıqlı dostluq əlaqələrinin qurulmasında maraqlıyıq.

- Regionda sonuncu hadisələri nəzərə alaraq, belə fikir səslənib ki, geosiyasi dəyişikliklər nəticəsində dünənki tərəfdaş bugünkü rəqibə çevrilə bilər. Və bu nöqteyi-nəzərdən bəzi şərhçilər deyirlər ki, potensial xarici təhlükəni göstərmək lazımdır.

- Doktrina aydın şəkildə təhlükəni, hərbi təhlükəsizliyin hərbi-strateji əsaslarını, silahlı qüvvələrin qarşısında duran əsas məsələləri sülh dövründə, hərbi tikintinin istiqamət və perspektivlərini isə real təhlükə və müharibə dövründə müəyyən edir.

Beləliklə, Azərbaycan üçün xarici hərbi və siyasi təhlükədir: Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı vəziyyətinin davamı; Azərbaycanın daxili işlərinə mümkün xarici hərbi müdaxilə; xarici hərbi asılılıq; qonşu dövlətlər tərəfindən ərazi iddiaları; daxili siyasi və sosial-iqtisadi vəziyyətin destabilizasiyasına yönələn fəaliyyət; həmçinin separatçı və dini-ekstremist hərəkatların dəstəyi; qanunsuz silahlı qruplaşmaların göndərilməsi və digər ölkələr tərəfindən Azərbaycana göndərilmək məqsədilə terrorçuların hazırlanması; qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı; bu ölkələrin ərazilərində daxili münaqişələrin, hərbi əməliyyatların, silahlı qiyamların, hərbi və ya hərbi-siyasi qeyri-stabilliyin digər formalarının mövcud olması; regional hərbi balansın pozulması və ya müdafiə hazırlığı səviyyəsinin həddindən artıq artırılması; hərbi bazaların yaradılması; ordu qruplarının, silahların bir yerə toplanması, Azərbaycanın ərazi suları və dövlət sərhədləri yaxınlığında hərbi iştirakın digər formalarının güclənməsi; Azərbaycanın dövlət sərhədinin hərbi qruplaşmalar və silahlı dəstələr tərəfindən pozulması; sərhəd münaqişələrinin və ya mübahisələrinin kəskinləşməsi; kütləvi qırğın vasitələrinin və hərbi istehsalatın ən yeni texnologiyalarının yayılması.

- Xarici hərbi bazaların yerləşdirilməsi ilə bağlı məsələlər də qızğın müzakirələrə səbəb olub. Hansı hallarda xarici hərbi bazalar Azərbaycanda yerləşdirilə bilər?

- Doktrina layihəsinə əsasən, Azərbaycanın tərəflərdən biri olduğu beynəlxalq razılaşmalarda nəzərə alınmış hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici bazaların yerləşdirilməsi qadağandır. Bununla belə, hərbi-siyasi vəziyyətin köklü surətdə dəyişdiyi halda Azərbaycan xarici hərbi bazaların ölkədə yerləşdirilməsinə və ya hər hansı bir digər formada xarici hərbi iştiraka icazənin verilməsi hüququnu özündə saxlayır.

- Məsələn, Azərbaycana qarşı müharibə olduğu zaman?

- O cümlədən.

- Bəziləri iddia edirlər ki, Avroatlantik strukturlara inteqrasiya strateji məqsəd kimi göstərilmir, halbuki bu müddəa milli təhlükəsizlik konsepsiyasında var. Bununla bağlı nə demək olar? Bizim NATO ilə münasibətlərimiz necə olacaq?

- Yenə təkrar edirəm. Hərbi doktrina milli təhlükəsizlik konsepsiyasıdır və onun tərkib hissəsinin törəməsidir. Doktrina dinc dövrlərdə müdafiə siyasətini müəyyən edərək tərəfdaş dövlətlərlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı da nəzərdə tutur. Təhlükəsizliyin bölünməzliyi prinsipini və regionumuzun Avroatlantik məkanın tərkib hissəsi olduğunu nəzərə alaraq, Azərbaycan bu məkanda təhlükəsizlik sisteminin yaradılmasını dəstəkləyir və hərbi doktrina layihəsində müəyyən edildiyi kimi, NATO ilə qarşılılı maraq əsasında əməkdaşlığı davam etdirir.

- Siz hərbi doktrina layihəsində əks olunan hərbi quruculuğun istiqamətləri və perspektivləri barədə xatırlatdınız. Bu barədə ətraflı danışa bilərsinizmi?

- Şübhəsiz ki, hərbi doktrina bugünkü reallıqlara əsaslanan və gələcəyə doğru istiqamətlənən sənəddir. Ona görə də orada hərbi quruculuğun perspektivlərinə böyük əhəmiyyət verilir. Ümumilikdə isə qeyd etmək olar ki, silahlı qüvvələr və digər silahlı birləşmələrin komanda və idarəetmə strukturlarının effektivliyinin artırılması, digər hərbi birləşmələrin başlıca olaraq peşəkar əsasda komplektləşdirilməsinə tədricən keçid, müasir müdafiə və hücum əməliyyatlarının aparılması vərdişlərinə yiyələnmə, silahlı qüvvələr və digər silahlı birləşmələr arasında effektiv əlaqələndirmənin yüksəldilməsinə prioritet istiqamətlər kimi baxılır. Prioritetlər arasında hərbi qulluqçuların sosial müdafiəsini də göstərmək lazımdır. Təbii ki, mən yalnız bəzi prioritet istiqamətləri qeyd etdim.

Doktrina layihəsində əsas rol Azərbaycanın hərbi-sənaye kompleksinin təchizatı, formalaşması və inkişafı siyasətinə ayrılıb. HSK-nin əsas inkişaf istiqamətləri kimi silahlı qüvvələrin və digər hərbi birləşmələrin müdafiə məhsullarına tələbatının mümkün qədər müstəqil təmin olunması, eləcə də yerli HSK məhsullarının xarici bazarlarda rəqabətqabiliyyətliliyinin təminatı, daha doğrusu, hərbi-sənaye kompleksimizin ixrac potensialının inkişafı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti