...

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalanıb

Siyasət Materials 10 İyun 2010 13:36 (UTC +04:00)
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ü.Sadıxova/

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında anlaşma memorandumu imzalanıb.

"Azərbaycan Xarici İşlər Nazirliyində Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Əhməd əl-Hidan və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi altında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrin sonunda nazir müavinləri tərəfindən "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi haqqında anlaşma memorandumu" imzalanıb", - XİN-in cümə axşamı yaydığı bəyanatda bildirilib.

Danışıqlar zamanı ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə rəsmi səfəri zamanı Azərbaycan - BƏƏ münasibətlərinin yeni mərhələsinin əsasının qoyulduğu qeyd edilib; beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qonaqlara Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilmiş, münaqişənin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü vurğulanmış və məsələ ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.

Görüşdə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyi qeyd edilmiş, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanmışdır. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən, neft və qaz sənayesi, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə diqqət çəkilmişdir.

Mədəniyyət və turizm sahəsində əməkdaşlığın zəruriliyi,  mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

Xəbər lenti

Xəbər lenti