...

İrana qarşı sanksiyalar Türkiyəni gələcək addımları haqda düşünməyə məcbur edəcək – ekspertlər

Siyasət Materials 11 İyun 2010 11:33 (UTC +04:00)
Hətta əgər İrana qarşı yeni sanksiyalar da bu ölkənin nüvə probleminin həllində Türkiyə diplomatiyasınını rolunu zəiflətməsə, Ankara bundan sonra daha ehtiyatlı addımlar atacaq və ehtiyatla hərəkət edəcək. Bir sıra ekspertlər belə hesab edirlər.
İrana qarşı sanksiyalar Türkiyəni gələcək addımları haqda düşünməyə məcbur edəcək – ekspertlər

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ü.Sadıxova/

Hətta əgər İrana qarşı yeni sanksiyalar da bu ölkənin nüvə probleminin həllində Türkiyə diplomatiyasınını rolunu zəiflətməsə, Ankara bundan sonra daha ehtiyatlı addımlar atacaq və ehtiyatla hərəkət edəcək. Bir sıra ekspertlər belə hesab edirlər.

"Bu sazişin qəbul edilməməsi isə ondan xəbər verir ki, Türkiyə bundan sonra daha ehtiyatlı addımlar və qərarlar qəbul etməlidir, lakin bu o demək deyil ki, o, öz mövqeyindən geri çəkilməlidir", - Beyrutdakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türk siyasəti üzrə ixtisaslamış politoloq Məhəmməd Nurəddin telefonla Trend-ə bildirib.

Çərşənbə günü BMT Təhlükəsizlik Şurası uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaqdan imtina etməsi ilə əlaqədar İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan yeni qətnamə qəbul edib.

Sənədin lehinə BMT TŞ-nın 12 üzvü səs verib, Türkiyə və Braziliya əleyhinə səs verib, Livan bitərəf qalıb.

Bu, BMT TŞ tərəfindən Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq tələbləri yerinə yetirməməsi üzündən qəbul olunan sayca dördüncü qətnamədir.

İrana qarşı sanksiyalar Ankarının problemi diplomatik yollarla həll etməklə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, eləcə də mayın 17-də İran, Türkiyə və Braziliya arasında Türkiyə ərazisində uranın mübadiləsi haqda üçtərəfli sazişin imzalanmasından sonra qəbul edildi. Qərb ölkələri, o cümlədən, ABŞ sənədi dəstəkləməkdən imtina etdi.

Ekspertlər hesab edirlər ki, qəbul edilmiş sanksiyalar İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan və Tehran sazişindən imtina edəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq, Türkiyənin bu problemdə rolunun azalmasına gətirib çıxarmır.

Rusiyalı ekspert Yevgeni Satanovskinin fikrincə, İrana qarşı sanksiyaların qəbulu Türkiyənin maraqlarına qətiyyən zidd deyil.
"Türkiyə Tehrana maksimum xoşməramlılıq nümayiş etdirdi. Tehranın nöqteyi-nəzərincə, Türkiyə qətiyyən günahkar deyil, Ankara onun həyatını çətinləşdirən heç nə etməyib", - Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Satanovski telefonla Trend-ə bildirib.

Satanovski hesab edir ki, Türkiyənin İranla dialoqda əldə etdiyi İraqdan Amerika qoşunlarının getməsindən sonra, Ankaranın nail olduğu nüfuz dairəsinin bölünməsi və enerji sazişi kimi maraqlar bütün bu problemlərin çərçivəsindən kənarda qalır.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Türkiyə İrana qarşı qətnaməni "səhv" adlandırıb ki, bu da İranın nüvə proqramını diplomatik yollarla nizamlanması yollarında yeni çətinliklərin yaradacağı haqda narahatlıq törədir. Türkiyənin xarici siyasət idarəsinin rəsmi məlumatında belə deyilir.
Nurəddinin fikrincə, Türkiyə qəbul olunmuş sanksiyanın təkcə İrana qarşı deyil, həm də bu problemi sülh yolu ilə həll etməklə bağlı öz səylərinə qarşı yönəldiyini hesab edir.

Türkiyəli politoloq Arif Kəskin hesab edir ki, Türkiyə sanksiyaların əleyhinə səs verib, çünki onun başqa seçimi yox idi və bununla da İranın nüvə proqramı ilə bağlı gələcək siyasətdə öz yerini qoruyub-saxlaya bilib.

"Türkiyə qayıtmağın mümkün olmadığı küçəyə çıxıb və ona görə də o, İranın nüvə proqramında iştirakından geri dönməyəcək ", - Avrasiya Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı telefonla Trend-ə bildirib.

Türkiyəli politoloq vasitəçi kimi Ankaranın rolunun İranın nüvə proqramının həllində müsbət olacağına şübhə edir, lakin bununla belə, onun üçün Tehranın nüvə iddiaları ilə bağlı Yaxın Şərqdəki gərginliyi zəiflətmək vacibdir.

"İraqdakı müharibə, fəaliyyətsizlik və qarışmama halında nə baş verməsi  Türkiyəyə yaxşı nümunə oldu. İran ətrafındakı vəziyyət də eynidir və burada Türkiyə özünün iqtisadi maraqları ilə Tehranla risk edir", - Kəskin deyib.
Ona görə də hətta əgər Türkiyənin vasitəçiliyinin uğurluluğuna şans olmasa belə, Ankara nüvə probleminin diplomatik yollarla həll edilməsi istəyindən geri çəkilməyəcək.

Lakin ekspertlər Türkiyənin bu məsələdə atacağı konkret addımları qabaqcadan xəbər vermədən güman edirlər ki,Tehran sazişinin tanınmasında uğursuzluqla üzləşən Ankara bundan sonra Qərb ölkələri ilə İranın nüvə proqramı üzrə danışıqlarda daha ehtiyatlı addımlar atacaq.

"Əgər gələcəkdə İranla Qərb ölkələri arasında böhran daha da dərinləşərsə, onda Ankara, çətin ki, sonadək İranı dəstəkləyə və Qərbin təzyiqlərinə tab gətirə bilsin", - iranlı politoloq Əhməd Cansız belə hesab edir.

"Türkiyə indiki mərhələdə, ola bilsin, İrana qarşı sanksiyaların qəbulu ilə əlaqədar Qərb ölkələri ilə ciddi fikir ayrılıqları ilə üzləşməyə bilər, lakin hər şey hadisələrin gələcək inkişafından asılıdır", - Tehran Universitetinin politologiya professoru Cansız hesab edir.

"Ərdoğan [Rəcəb Tayyib] hökuməti bu günədək həm islam qonşuları, həm də Qərb ölkələri ilə yaxşı əlaqələri dəstəkləməyə çalışır", - Cansız telefonla Trend-ə bildirib. - "Əgər İranla Qərbin münasibətləri daha da pisləşərsə, onda, Türkiyə çətin ki, qarışmaq istəsin".

İranlı politoloq İranla böhranın dərinləşəcəyi halda, Ankaranın, ABŞ da daxil olmaqla, Qərb müttəfiqləri ilə öz münasibətlərinin pisləşməsinə gedəcəyinə şübhə etdiyini bildirir.

Qərbə də getdikcə daha çox islam ölkələrinə  üstünlük verən Türkiyə kimi müttəfiqini itirmək sərfəli deyil. Cansızın sözlərinə görə, "Qərb ölkələrinin siyasəti ona gətirib çıxardı ki, Türkiyə öz istiqamətini müsəlman dünyasına tərəf çevirdi. Türkiyə Avropadan uzaqlaşa bilər, axı Avropa ilə yaxınlaşma ona istədiyi nəticəni vermədi".

Livanlı politoloq Məhəmməd Nurəddinin fikrincə, hələlik Ankaranın nüvə proqramı probleminin diplomatik həlli üzrə danışıqları davam etdirməkdən və İranı beynəlxalq birliklə danışıqlar masası arxasında qoymaqdan başqa alternativi yoxdur.

Xəbər lenti

Xəbər lenti