...

Yeni hökumətin seçilməsi Qırğızıstanda vəziyyətin stabilləşməsinə kömək edəcək - "Human Rights Watch"

Siyasət Materials 12 İyun 2010 09:00 (UTC +04:00)
Parlament seçkilərinin keçirilməsi və Qırğızıstan vətəndaşları tərəfindən yeni hökumətin seçilməsi ölkədəki vəziyyətin nizamlanması yolunda mühüm addım ola bilər. "Human Rights Watch" təşkiltanın Orta Asiya üzrə tədqiqatçısı Andrea Berq belə hesab edir.
Yeni hökumətin seçilməsi Qırğızıstanda vəziyyətin stabilləşməsinə kömək edəcək - "Human Rights Watch"

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir V.Javoronkova/

Parlament seçkilərinin keçirilməsi və Qırğızıstan vətəndaşları tərəfindən yeni hökumətin seçilməsi ölkədəki vəziyyətin nizamlanması yolunda mühüm addım ola bilər. "Human Rights Watch" təşkiltanın Orta Asiya üzrə tədqiqatçısı Andrea Berq belə hesab edir.

"Parlament seçkilərinin mümkün qədər tez keçirilməsi və ölkə əhalisinin iradəsinə əsasən yeni hökumətin elan edilməsi çox vacibdir", - Berq Qırğızıstanın Oş şəhərindən Trend-ə telefonla bildirib. - "Bu, ölkədə vəziyyətin nizamlanması üzrə mühüm addım olacaq".

Dünən axşamüstü Oş şəhərində kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları avtomobilləri yandıraraq mağazaları talan ediblər. Hökumət Oş, Uzgen şəhərlərində və ölkənin Qarasu, Aravan və Uzgen rayonlarında fövqəladə vəziyyət elan edib. Oş şəhərinə qoşun yeridilib. Müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva həmvətənlərini əmin edib ki, hökumət vəziyyətin stabilləşməsinə görə bütün ehtiyatları cəlb edib.

Qırğızıstanın Oş vilayətində toqquşmalar nəticəsində həlak olan qırğız və özbəklərin sayı 12 nəfərə çatıb. Bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Yelena Bayalinova RİA Novosti-yə bildirib.

Berqin sözlərinə görə, vəziyyət gərgin olaraq qalır və gələcəkdə də belə davam edəcəyi barədə təsəvvür yaranır. Odur ki, Qırğızıstanda qayda və qanunun bərpa edilməsi çox vacibdir.

"Müvəqqəti hökumət zorakılığın qarşısının alınması və gərginliyin aradan qaldırılması üçün əlindən gələni etməlidir", - xanım Berq əlavə edib.

Berq ölkənin bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlığının da vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Qırğızıstan BMT, ATƏT kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və daima onlarla məsləhətləşmələr aparır. Qırğızıstan bu istiqamətdə fəaliyyətini davam etdirməlidir.

Roza Otunbayevanın rəhbərliyi ilə Qırğızıstanın müvəqqəti hökuməti cari ilin aprelində Prezident Kurmanbek Bakiyevin devrilməsindən sonra hakimiyyətə gəlib.

Xəbər lenti

Xəbər lenti