...

Türkiyə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narazıdır – səfir

Siyasət Materials 17 İyun 2010 15:21 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narazıdır. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bəyan edib.
Türkiyə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narazıdır – səfir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.Sadıqova/

Türkiyə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narazıdır. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bəyan edib.

"Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırkı vəziyyət heç kimi qane etmir; ona görə də yaxın vaxtlarda barışın əldə olunması lazımdır və Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır", - türkiyəli diplomat cümə axşamı inşaat və ağır avadanlıqlar üzrə türk sərgisinin açılışı zamanı jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Ankara cümə axşamı Sankt-Peterburqda keçiriləcək beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsünü dəstəkləyir.

"Türkiyə regionda sabitliyin və sülhün tərəfdarı olduğuna görə, görüşlərin keçirilməsini alqışlayır, eləcə də Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin iqtisadi potensialından tam şəkildə istifadə edə bilməsi üçün tezliklə barışığın əldə olunmasına tərəfdardır", - Kılıc deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Türkiyəyə baş tutmuş səfəri çox uğurlu olub. Belə ki, qaz sahəsində çoxdan bəri gözlənilən saziş imzalanıb.

Ölkələr arasında ikitərəfli əlaqələrdən danışan səfir, türk biznesmenlərinin Azərbaycan bazarına sərmayə qoymağa maraq göstərdiklərini də bildirib.

"Azərbaycanda türk investisiyaları 3 milyard dollar təşkil edir. Biz buna xüsusi önəm verir və bu göstəricinin artırılmasında maraqlıyıq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti