Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyi "Bizim yol" qəzetini məhkəməyə verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, qəzetin məhkəməyə verilməsinə səbəb iyunun 18-də "Bizim yol" qəzetində dərc olunan "Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb" başlıqlı yazı olub.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, heç bir əsası olmayan, iftira dolu yazıda guya Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə növbəti tükürpədici qətliamın baş verdiyi və 7 hərbi qulluqçunun qətlə yetirildiyi qeyd olunub.
Nazirlik bəyan edir ki, bu yanlış məlumatla cəbhə xəttində keşik çəkən əsgər və zabit heyətinin şərəfinə zərbə vurmağa, Azərbaycan Ordusuna böhtan atmağa cəhd edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu dünən yaydığı məlumatda qəzetin bu məlumatını təxribat kimi qiymətləndirib.