...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəaliyyəti sifarişlə edilən hərəkətlərə oxşayır – müxalifət partiyasının sədri

Siyasət Materials 10 Avqust 2010 13:51 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının başlıca məqsədi bir-iki müxalifət partiyasının süni izdivacını yaradaraq, Qərb dairələrindən nələrsə qoparmaqdır.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəaliyyəti sifarişlə edilən hərəkətlərə oxşayır – müxalifət partiyasının sədri

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının başlıca məqsədi bir-iki müxalifət partiyasının süni izdivacını yaradaraq, Qərb dairələrindən nələrsə qoparmaqdır. Bu barədə çərşənbə axşamı Trend-ə müxalif Demokratiya Uğrunda İttifaqın seçki qərargahının və "Azadlıq" partiyasının sədri Əhməd Oruc bildirib.

"DUİ ilə AXCP arasında münasibətlərin gərginləşməsinə başlıca səbəb AXCP rəsmilərinin hərəkətləridir. Biz özümüzdə iradə taparaq əməkdaşlığa hazır olduğumuzu bildirmişik, lakin AXCP müxtəlif bəhanələrlə bu əməkdaşlığı və sonda müxalifətin geniş birliyini pozmaq istəyir. Onların məqsədi demokratik qüvvələrin geniş birliyinə nail olmaq deyil. AXCP öz hərəkətləri ilə müxalifətin birliyinin çərçivəsini daraltmağa çalışır", - Oruc əlavə edib.

Azərbaycanın müxalif DUİ, AXCP və Müsavat Partiyası iyulun 31-də Bakının mərkəzində kütləvi aksiya keçirməyə cəhd ediblər. AXCP-nin avqustun 4-də mitinqlə bağlı yaydığı bəyanatda mitinqin AXCP və Müsavatın birgə təşəbbüsü ilə keçirildiyi qeyd olunub. Bəyanatda DUİ-nin fəaliyyəti qeyd olunmayıb. Bunun nəticəsi olaraq hər iki siyasi qurum bir-birini yalan danışmaqda ittiham edib.

"Kimin doğru yolda olduğu üç aydan sonra bilinəcək. Mən əminəm ki, DUİ Parlament seçkilərində AXCP-dən çox səs toplayacaq. Çünki DUİ-də toplaşan insanlar, cəmiyyətdəki nüfuzlarına görə, AXCP-dən qat-qat üstündürlər. Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn olmadığı halda, müxalifətin birliyi ola bilməz.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

"Belə şəxslərin siyasi proseslərdə varlığından kimsənin xəbəri yoxdur. Bu insanlar ciddi proseslərə kənardan mülahizə söyləməklə, iddialar səsləndirməklə bu iddiaların fonunda özlərini böyük göstərməyə çalışırlar. Bu cür fikirlər tamamilə əsassızdır və mövcud reallığa uyğun deyil", - bunu çərşənbə axşamı Trend-ə "Azadlıq" partiyası sədrinin ittihamlarına cavab verərkən, AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirib.

Partiya funksioneri AXCP-nin məqsədlərindən də danışıb.

"AXCP-nin başlıca məqsədi müxalifətin lüzumsuz geniş birliyinin yaradılmasındansa, real birliyin yaradılmasıdır. Real birlikdə isə Xalq Cəbhəsi ilə "Müsavat" daha uyğun görünür. Hər iki partiya istər təşkilati strukturlarına görə, istər təmsil etdikləri protest elektoratına görə ölkənin aparıcı müxalifət partiyaları hesab olunur. Bunu son dönəmlərdə həmin partiyaların apardıqları mübarizə də göstərir. Əvvəlki seçkilərdə topladıqları səslər göstərir", - Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, bu birlikdə siyasi proseslərdə sözünü deyə bilməyən insanların olmasına ehtiyac yoxdur.

"Biz hesab edirik ki, hakimiyyətə qarşı mübarizədə real müxalifətin səyləri birləşdirilməlidir. O ki qaldı kimlərinsə özlərini bu birlikdə görmələrinə, daha geniş birlik barədə fikirlər səsləndirməkdənsə, öz partiyalarını biradamlıq partiya olmaqdan xilas etsinlər", - partiya funksioneri əlavə edib.

Xəbər lenti

Xəbər lenti