RED.ƏLAVƏSI: sonuncu abzas əlavə olunub
Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Konyayeva/
Astana Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hərtərəfli düşünülmüş yanaşmaya və onun sülh yolu ilə həllinə tərəfdardır. Bu barədə Qazaxıstan Strateji Araşdırmalar Mərkəzinin direktoru Bulat Sultanov bazar ertəsi Bakıda "dəyirmi masa" formatında keçirilən iclasda bəyan edib.
Onun sözlərinə görə, Qazaxıstan bu münaqişənin həlli üçün maksimum səy göstərməyə hazırdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Qazaxıstan SAM-ın rəhbəri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Bakıdadır.
Bazar ertəsi "Qazaxıstan və Azərbaycan: ikitərəfli münasibətlər regional əlaqələr" mövzusunda "dəyirmi masa"nın ikinci iclası keçirilib.
İlk iclas 2008-ci ilin noyabrında Qazaxıstanda keçirilib.
Sultanov bildirib ki, Bakı və Astana bir çox regional və beynəlxalq problemlərin həllində ümumi yanaşmaya malikdirlər. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu məsələsinin müəyyən edilməsində razılaşma sevindiricidir. O, həmçinin, tranzit yolların və kənd təsərrüfatının inkişafında enerji sahəsində əməkdaşlığın vacib olduğunu qeyd edib.
İclasda iştirak edən Azərbaycanın SAM və XİN əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, dini və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iki ölkə arasında münasibətlərin inkişafına, regioanl və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar; eləcə də mövcud ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələri müzakirə ediblər.