...

Prezident İlham Əliyev Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib (YENİLƏNİB)

Siyasət Materials 6 Oktyabr 2010 23:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib (YENİLƏNİB)

RED: əlavəsi: Prezidentin çıxışı əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində oktyabrın 5-də Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxdı.

Məlumat verildi ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir.

Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün su tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk cisimlərdən təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu anbardan su poladdan hazırlanan təzyiq borusu ilə stansiyaya verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Burada hər birinin diametri 2,4 metr olan 2 sifon quraşdırılmışdır. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosfer təşkil edir.
Sonra Prezident İlham Əliyev stansiya binasının olduğu əraziyə gəldi. Muxtar respublika ictimaiyyətinin nümayəndələri, energetiklər və inşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev stansiyanın maketinə və şəkillərinə baxdı. Diqqətə çatdırıldı ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Burada Avstriya şirkətinin hazırladığı iki turbin və iki generator quraşdırılmışdır. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Gərginliyi 110/35/10 kilovolt olan yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılmışdır. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılmışdır. Stansiyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulmuşdur.

Dövlətimizin başçısı stansiyanı işə saldı.

Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən layihələr, sosial-iqtisadi inkişaf haqqında danışdı.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.  İştirakçıları salamlayaraq, Prezident qeyd etdi ki, bu gün, doğrudan da, Naxçıvan Muxtar Respublikasında çox əlamətdar bir gündür. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd etdi ki, biz bu gün Naxçıvanda bir neçə iqtisadi, sənaye, sosial yönümlü obyektin açılışını qeyd etmişik, hələ bir neçə müəssisənin açılışı gözlənilir. Bu, onu göstərir ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir. Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su - demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır", İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. "Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq", Prezident bildirib.

İham Əliyevin sözlərinə görə, enerji təhlükəsizliyi məsələlərinin həlli işində ölkədə əsaslı tədbirlər görülüb. "Bütün bunlar Heydər Əliyev neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Əgər 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına biz ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk", dövlət başçısı deyib.

"Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir.
Bu gün Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq görülən işlərin yeni mərhələsidir. Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Vasif Talıbov qeyd etdi ki, bu gün Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır.
Bu gün Naxçıvanda elektrik enerjisi və qazla təminat ən yüksək səviyyədədir. Naxçıvanda qazlaşdırma siyasəti uğurla başa çatıbdır və hətta sovet dövründə qazlaşdırılmayan kəndlər, məntəqələr bu gün hamısı qazlaşdırılıbdır. Yəni, bu, böyük bir proqramın icrası nəticəsində mümkün ola bilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyasının işə düşməsi, uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi demək olar ki, muxtar respublikada ciddi bir dönüş yaratdı. Çünki iqtisadi potensial enerji mənbəyi olmadan inkişaf edə bilməz. Biz nə qədər vəsait qoysaq, nə qədər kreditlər ayrılsa, nə qədər müəssisələr yaradılsa, əgər enerji mənbələri yoxdursa, onların heç biri işləməyəcək və heç kim o vəsaiti qoymayacaqdır", Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. "Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük", Ilham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanın zəngin neft-qaz potensialı imkan verir ki, özümüzü çox rahat hiss edək."Enerji təhlükəsizliyi, enerjidən asılılıq çox ciddi məsələdir. Bəzi ölkələr xarici mənbələrdən asılı olduqlarına görə istər-istəməz xarici amili də nəzərə almalıdırlar. Azərbaycan o ölkələrdəndir ki, nəinki enerji potensialını işə salıb və enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu gün Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində min meqavatdan artıq enerji gücü vardır ki, biz ondan səmərəli istifadə edərək başqa ölkələrə ixrac edəcəyik. Azərbaycanda tikilən yeni elektrik stansiyalar bu gücü iki dəfə artıracaqdır. Ancaq bununla bərabər, biz bu yaxınlarda qəbul edilmiş proqramlar əsasında bərpa olunan enerji növlərinə xüsusi diqqət veririk. Biz su, günəş, külək enerji mənbələrini yaratmalıyıq. Çünki bütün bu təbii şərait Azərbaycanda vardır və konkret proqram nəzərdə tutulub. Proqramın icrası nəticəsində Azərbaycanın bütün su mənbələrində, çaylarda kiçikhəcmli su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Təkcə bu il 3 rayonda kiçikhəcmli stansiyaların təməl daşı qoyulubdur. Ancaq onların arasında ən böyüyü, əlbəttə ki, Biləv Su Elektrik Stansiyasıdır", dövlət başçısı deyib.

İlham Əliyevin sözlərinə görı, bu günə qədər görülmüş işlər və bu nəticələr onu göstərir ki, nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. "Şübhə etmirəm ki, bu gün planlaşdırdığımız bütün məsələlər gələcəkdə öz həllini tapacaqdır.
Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram. Sağ olun", İlham Əliyev çıxışının sonunda deyib.

İctimaiyyətin nümayəndələri və energetiklərlə söhbətində Prezident İlham Əliyev bir daha Biləv Su Elektrik Stansiyasının açılışını əlamətdar hadisə adlandıraraq bildirdi ki, gələcəkdə çaylar üzərində bu tipli stansiyaların tikintisi davam etdiriləcəkdir. Bu gün nəinki Naxçıvanın enerji tələbatı tam şəkildə təmin olunur, hətta qonşu İran və Türkiyəyə də enerji nəqlinə imkanlar açılmışdır. Naxçıvan artıq elektrik enerjisi ixrac edən diyara çevrilmişdir.

Prezident İlham Əliyev enerji mərkəzinə çevrilən Naxçıvanın günəşli diyar olduğunu vurğulayaraq, gələcəkdə burada günəş enerjisi istehsalının mümkünlüyünü və bu istiqamətdə müəyyən tapşırıqların verildiyini də diqqətə çatdırdı. Prezident İlham Əliyev energetiklərə uğurlar arzuladı.

Sonra xatirə şəkli çəkdirildi.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti