Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın hakim partiyası seçki kampaniyası zamanı "qapı-qapı" təşviqat formasından istifadə edəcək.
"Biz çalışacağıq ki, öz mesajlarımızı və çağırışlarımızı Azərbaycanın hər bir seçicisinə çatdıra bilək. Bunun ən səmərəli yolu hər bir seçici ilə ya öz namizədlərimiz, ya da namizədlərimizin səlahiyyətli nümayəndələri və vəkilləri vasitəsilə ünsiyyətin, əlaqənin yaradılmasından ibarətdir. Biz çalışacağıq ki, bu üç subyekt vasitəsilə hər bir seçici ilə ünsiyyət və əlaqə yarada bilək ki, bir yandan namizədimizi kifayət qədər geniş şəkildə təşviq edə bilək, digər yandan bu seçki ilə əlaqədar müəyyənləşdirdiyimiz çağırışları və şüarları seçicilərin diqqətinə çatdıra bilək. Bunun ən səmərəli yolu bütün ailələrlə, bütün seçicilərlə görüşlərin keçirilməsindən ibarətdir. Mən "qapı-qapı" təşviqat formasını nəzərdə tuturam", - Trend-in məlumatına görə, bunu hakim partiyanın rəsmi internet səhifəsinə müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.
Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək. Oktyabrın 15-də təşviqat kampaniyasına start veriləcək.
Əhmədov deyib ki, "qapı-qapı" təşviqat forması ilə paralel olaraq YAP geniş şəkildə əyani təşviqat materiallarından istifadə etmək niyyətindədir.
"Güman edirəm ki, bizim əyani təşviqat materiallarımız da hər bir ailə, mənzil və evə çatacaq. Üçüncü bir forma olaraq, bizim kütləvi aksiyalar kimi səmərəli forma və üsullardan istifadə etmək niyyətimiz var. Onu da qeyd etmək istəyirəm ki, kütləvi aksiyaların keçirilməsi bütövlükdə seçki kampaniyasının fəallığının təmin edilməsinə özünün böyük təsirini göstərsə də, biz aydın şəkildə onu da dərk edirik ki, heç bir kütləvi aksiya Azərbaycandakı seçiciləri tamamilə əhatə etmək imkanı yaratmır. Bu aksiyalar nə qədər geniş miqyasda olsa da, yalnız aksiyalar keçirmək vasitəsilə bütün seçiciləri əhatə etmək mümkün deyil. Güman edirəm ki, digər partiyalar da yalnız aksiyalarla bütün seçiciləri əhatə edə bilməzlər. Beləliklə, çox müxtəlif formalardan, rəngarəng üsullardan və texnologiyalardan istifadə etməklə biz çalışacağıq ki, hər bir seçicini əhatə edə bilək, hər bir seçici ilə ünsiyyətlər qurulsun, sözümüz çatdırılsın", - Əhmədov qeyd edib.