...

Azərbaycan paytaxtında bu il qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır

Siyasət Materials 27 Oktyabr 2010 18:43 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev çərşənbə günü Trend-ə bildirib ki, bu ilin 9 ayında paytaxtda qeydə alınan 681 yol qəzasından 352-si (51,7 faiz) piyadaların vurulmasıdır.
Azərbaycan paytaxtında bu il qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında bu ilin 9 ayında qeydə alınan qəzaların yarıdan çoxu piyadaların vurulması ilə bağlıdır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev çərşənbə günü Trend-ə bildirib ki, bu ilin 9 ayında paytaxtda qeydə alınan 681 yol qəzasından 352-si (51,7 faiz) piyadaların vurulmasıdır.

Hadisələr nəticəsində 108 piyada həlak olub, 278 nəfər isə xəsarət alıb. Bu göstərici 9 ayda yol qəzalarında ölənlərin, müvafiq olaraq, 50,9 və 42,1 faizini təşkil edir.

Paytaxtda, ümumilikdə, qeydə alınan yol qəzalarında 212 nəfər həlak olub, 660 nəfər yaralanıb.

Hesabat dövründə, ümumilikdə, 398 min 47 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.

Pozuntulardan 7 668-i avtomobillərin sərxoş idarə edilməsi, 2 834-ü qəza şəraiti yaratma, 1 644-ü polisə tabe olmama, 11 min 817-si işıqforun qırmızı işığını keçmə, 694-ü avtomobillərin nömrəsiz idarə olunması, 2 290-ı sərnişindaşıma qaydalarının pozulması, 410-u avtoxuliqanlıq, 8 736-sı avtomobillərin sürücülük vəsiqəsi olmadan idarə olunması, 4 510-u avtomobillərə pərdə və plyonka vurulması ilə bağlıdır.

Yol hərəkəti qayda pozuntularının 9 842-si isə piyadalar tərəfindən törədilib.

Hənifəyev deyib ki, ilin əvvəli ilə müqayisədə yol qəzalarının və qəzalar zamanı xəsarətlərin sayı azalıb, ölüm hallarının sayı isə cüzi artıb.

Xəbər lenti

Xəbər lenti