...

Azərbaycanın xarici işlər naziri TürkPA beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib

Siyasət Materials 5 Noyabr 2010 18:22 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Türkdilli ölkələrin Parlament Asambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib.
Azərbaycanın xarici işlər naziri TürkPA beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Türkdilli ölkələrin Parlament Asambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüş zamanı tərəflər Azərbaycanda Milli Məclisə seçkidən öncə vəziyyət, görülən hazırlıq işləri və seçki günü müşahidəçilərin iş planları barədə ətraflı danışıblar. Nazir parlament diplomatiyasının vacibliyini qeyd edərək TürkPA-nın bu xüsusda oynaya biləcək rolunu qonaqların diqqətinə çatdırıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Qonaqların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sualını cavablandıran Elmar Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi və Azərbaycanın ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi barədə ətraflı məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti