...

İranın nüvə problemi üzrə danışıqların Türkiyədə keçirilməsi prosesə müsbət təsir edə bilər - ekspertlər

Siyasət Materials 13 Noyabr 2010 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Konyayeva/

İran və 5+1 ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü -Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa + Almaniya) arasında danışıqların Türkiyədə keçirilməsi danışıqlar prosesinə müsbət təsir edə bilərdi, lakin böyük ehtimalla, Ankaranın vasitəçiliyi İranın nüvə problemi ətrafındakı mübahisələri həll etməyəcək. Ekspertlər belə hesab edirlər.

"Danışıqların Türkiyədə keçirilməsi həm İran, həm də 5+1 ölkələri üçün əlverişli ola bilərdi. Ona görə ki, bu iki qonşu dövlət arasında yaxşı münasibətlər yaradılıb", - Trend-ə telefonla beynəlxalq məsələlər üzrə iranlı ekspert, Tehran Universitetinin siyasi elmlər doktoru Əhməd Cansız deyib.

Ötən həftənin sonunda İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, ölkəsi 5+1 qrupu ilə danışıqların Türkiyədə keçirilməsinə üstünlük verir. Türkiyə XİN bazar günü İranın nüvə problemi üzrə "altılıq"la Türkiyə ərazisində, xüsusən də İstanbulda danışıqlara yenidən başlamaq niyyəti barədə məlumatı təsdiqləyib.

Bir müddət əvvəl, oktyabrda Avropa İttifaqının xarici işlər üzrə yüksək nümayəndəsi Ketrin Eşton İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təkilf edib.

Cansızın fikrincə, danışıqların harada keçirilməyindən asılı olmayaraq, "altılıq" ölkələri İranınn nüvə proqramına qarşı tutduqları mövqedən əl çəkməsələr, danışıqların nəticə verəcəyi ilə bağlı ümidlənməyə dəyməz.

"İran öz nöqteyi-nəzərindən imtina etməyəcək, çünki o, dinc nüvə proqramını davam etdirmək hüququ olduğunu hesab edir. Danışıqlar prosesinin uzadılması İran üçün əlverişlidir, çünki bu sahədə onsuz da fəaliyyətini davam etdirir", - Cansız deyib.

5+1 qrupu və yaxud "altılıq" 2003-cü ildən Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə birgə nüvənin yayılmaması rejiminə təhlükə yarada biləcək uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılması barədə İranla danışıqlar aparır.

İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırlıb.

İran dəfələrlə nüvə silahının hazırlanmasına qarşı ittihamları rədd edib və nüvə işlənib hazırlanmasına hüququ olduğunu bəyan edib, çünki onun atom proqramı dinc xarakter daşıyır və vətəndaş ehtiyaclarının ödənilməsinə istiqamətlənib.

"Danışıqların Türkiyədə aparılması bütünlüklə, xüsusilə də etibar nöqteyi-nəzərindən danışıqlar prosesinə təsir edir. İran Türkiyəyə etibar edir və Türkiyə tərəfə vasitəçi rolunu verməkdən məmnundur", - bu barədə Trend-ə elektron poçtla Belfer Mərkəzinin elm və beynəlxalq münasibətlər üzrə əməkdaşı Kayhan Barzegar deyib.

O, hesab edir ki, iki ölkə arasında regionda maraq münaqişəsi yoxdur və Türkiyənin Qərb təzyiqinə zidd olan müstəqil siyasəti, xüsusilə də antiiran sanksiyalarına qarşı mövqeyi İran-Türkiyə münasibətlərində dönüş nöqtəsidir və yaxın illərdə ikitərəli münasibətləri möhkəmləndirəcək.

Türkiyə İrana qarşı sanksiya rejiminin ağırlaşdırılmasına qarşı birmənalı şəkildə çıxış edib. Martın sonunda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb. Aprelin ortalarında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin əlavə sanksiyalar tətbiq etmək istəmədiyi barədə mövqeyini açıq şəkildə bildirib.

Barzegarın sözlərinə görə, etibarın bərpa olunması məsələsi xüsusilə nüvə siyasətinə effektiv təsir etməyən, lakin İran tərəfdə böyük inamsızlıq yaradan Qərblə yanlış sanksiya siyasətinin aparılmasından sonra mühüm əhəmiyyət kəsb edir.

"5+1" qrupu anlamalıdır ki, İran zənginləşdirmə üzrə fəaliyyətində böhran vəziyyətindədir. Danışıqları məhz bu nöqteyi-nəzərdən başlamaq lazımdır və məhz bu cəhətdən tərəflər etibarın qazanılması ilə məşğul olmalı və əsasında İranın qanuni tələbləri duracaq yanacaq mübadiləsi haqqında razılıq üzərində işləməlidirlər", - o, deyib.

5+1 ölkələrinin İranla əməkdaşlığı inkişaf etdirməli olduğunu hesab edən Cansız da Barzegarla razıdır.

"Hər iki tərəf bir-birinin istəklərini anlamalıdır. "Altılıq" ölkələri ötən danışıqlarda heç bir nəticə əldə etməyiblər, lakin növbəti görüşlərin Türkiyədə keçirilməsi iki tərəfin mövqeyinin yaxınlaşmasına kömək edə bilərdi", - o, deyib.

Avrasiya Strateji Araşdırmalar İnstitutunun türk eksperti Arif Kəskin hesab edir ki, İran nüvə proqramına qarşı Türkiyənin 5+1 ölkələrindən daha yumşaq və müsbət münasibətinin olduğunu bilərək  "altılıq" ölkələri ilə danışıqlarda ondan istifadə etməyə çalışır.

"Bundan əlavə, İran Tehran bəyannaməsi çərçivəsində danışıqlar aparmağa çalışır, danışıqların Türkiyədə aparılması zamanı danışıqlar avtomatik olaraq İran, Türkiyə və Braziliyanın birgə bəyannaməsi istiqamətinə yönəldiləcək", - o, deyib.

İran, Türkiyə və Braziliya arasında uran mübadiləsi barədə üçtərəfli danışıqlar mayın 17-də əldə olunub. Bu ölkələrin xarici işlər nazirləri Tehran elmi-tədqiqat reaktoru üçün İranın aşağı zənginləşdirilmiş uranın yüksək zənginləşdirilmiş yanacaqla mübadiləsi üzrə tehran bəyannaməsi layihəsini imzalayıblar. Sənədə əsasən, mübadilə Türkiyə ərazisində həyata keçirilməli idi.

Kəskinin sözlərinə görə, çox güman ki, İranın nüvə problemi hətta Türkiyənin bu mübahisədə vasitəçiliyi ilə də həll olunmayacaq, çünki tərəflərin əsas məqsəd və tələbləri tamamilə bir-birinə ziddir.

Təhlükəsizlik Araşdırmaları üzrə Avropa İttifaqı İnstitutunun analitiki Rouzbeh Parsinin sözlərinə görə, danışıqların Türkiyədə aparılması mümkünlüyü böyükdür, çünki İran Türkiyəyə qərb ölkələri, və ola bilsini, Rusiya və Çindən daha çox etibar edir.

"İranın danışıqlar zamanı öz nüvə proramını müzakirə etməkdən imtinası barədə Əhmədinejadın bəyanatı bir sıra səbəblərlə bağlıdır", - bu barədə Trend-ə elektron poçtla Parsi deyib.

Onun sözlərinə görə, birincisi, Əhmədinejad Tehranda öz rəqiblərinə İranın nüvə maraqlarını qoruduğunu göstərmək, ikincisi isə, İranın güclü olduğunu və sanksiyalar qarşısında məğlub olmayacağını sübut etmək istəyir.

"Üçüncüsü, İranda bəzi qruplar Əhmədinejadı bu məsələdə qabaqlamağa çalışırlar, belə ki, onlar görürlər ki, prezidentin taktikası ölkədə böyük xoşagəlməz hallara gətirib çıxarır (məhz taktika, belə ki, onlar hələ də ümumi strategiya üzrə, daha doğrusu proqramın son məqsədləri ilə razılaşa bilərlər), və Əhmıdinejad onları geridə qoymaq istəyir", - Parsi deyib.

Çərşənbə günü Prezident Mahmud Əhmədinejad bildirb ki, İran dəfələrlə deyib ki, 5+1 qrupu ilə danışıqlara hazırdır. Lakin Tehran İslam Respublikasının ayrılmaz hüququ olan sülhyönlü nüvə proqramı ilə bağlı məsələni müzakirə etməyəcək.

Barzegar həmçinin, hesab edir ki, yeni danışıqlar Türkiyə, İran və Braziliya arasında razılaşmanı yada salan yanacaq mübadiləsi baxımından Vyana və Cenevrə danışıqlarının davamı ola bilər.

Cansızın fikrincə, İranla Qərb ölkələri arasında danışıqların yeni raundunda İranın nüvə proqramına aid olan bütün məsələlər müzakirə ediləcək.

Materialın hazırlanmasında E.Ostapenko, D.Xatınoğlu və T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti