...

Yeni Azərbaycan Partiyası keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirib – Prezident İlham Əliyev (FOTO)

Siyasət Materials 29 Noyabr 2010 23:16 (UTC +04:00)
Partiyamız son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bilib, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev noyabrın 29-da hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşündə çıxışı zamanı bildirib.
Yeni Azərbaycan Partiyası keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirib – Prezident İlham Əliyev (FOTO)

Red.Əlavəsi: fotoşəkil əlavə olunub

Partiyamız son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bilib, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev noyabrın 29-da hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşündə çıxışı zamanı bildirib.

"İlk növbədə mən sizin hamınızı - Yeni Azərbaycan Partiyasının üzvlərini parlament seçkilərində qazandığınız qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi və bu gün parlamentin birinci iclası keçiriləcəkdir. Bildiyiniz kimi, seçkilər çox ədalətli, şəffaf şəkildə keçirildi. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi gözlənilən qələbəni əldə etdi. Partiyamız, sözün əsl mənasında, ümumxalq partiyasıdır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır. Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülüb" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı xatırladıb ki, partiya 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxalifət partiyası kimi yaranıb.

"Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir. Partiyamızın çox geniş beynəlxalq əlaqələri vardır. Biz tərəfdaş partiyalarla çox səmərəli əməkdaşlıq edirik. Beynəlxalq əlaqələrimiz həm partiyanın, həm də ki, ölkəmizin maraqlarına xidmət göstərir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyası böyük rəğbət qazana bilmişdir. Nümayəndələrimizin seçkilərdə qələbəsi bunun əyani sübutudur. Hər bir namizəd əlbəttə ki, öz dairəsində öz kampaniyasını aparmışdır. Ancaq təsadüfi deyil ki, bu dəfə qələbə qazanmış namizədlərimizin sayı daha da çox olmuşdur. Bu onu göstərir ki, Azərbaycan xalqı bizim partiyaya olan münasibətini seçkilərdə belə şəkildə göstərir. Əlbəttə ki, partiyamızın dəstəyi seçilmiş deputatların qələbə qazanmasında mühüm rol oynamışdır" Prezident çıxışında söyləyib.

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə digər siyasi partiyalar üçün yaradılan şəraitdən də danışdı. Qeyd etdi ki, bütün siyasi qüvvələr Azərbaycanın siyasi həyatında fəal rol oynamalıdırlar.

Sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan danışaraq dedi:

"Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu haqqında geniş danışmaq olar. Mən partiyanın sədri kimi çox şadam ki, son illər ərzində partiyaya olan axın güclənir, xüsusilə partiyamızın sıraları gənclər hesabına genişlənir. Bu, onu göstərir ki, partiyamızın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir. İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən hər şeyi tənqid etmək, yaxud da ki, proseslərdən kənarda qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir və ölkədə gedən bütün proseslər istər-istəməz partiyamızın adı ilə bağlıdır, çünki partiyanın nümayəndələri rəhbərlikdə təmsil olunurlar. Ancaq ölkəmizdə həm siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə getdiyinə görə, əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə xidmət göstərir" dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, keçirilən parlament seçkiləri Azərbaycanda islahatların düzgün istiqamətdə aparıldığını bir daha təsdiq etmişdir.
"Ölkəmizdə quruculuq-abadlıq işlərinin görülməsi xalq tərəfindən dəstəklənir və hesab edirəm ki, seçkilərdəki nəticələr, məhz, bu reallığı əks etdirir.
Milli Məclis son beş il ərzində səmərəli işləmiş, çoxlu qanunlar qəbul edilmiş, parlamentin beynəlxalq əlaqələri genişlənmişdir. Milli Məclisin ölkəmizin həyatında rolu artmaqdadır və bu müsbət haldır. Hakimiyyətin bütün qolları ölkədə gedən proseslərdə fəal iştirak etməlidirlər və əlbəttə ki, Milli Məclisin uğurlu fəaliyyəti bütövlükdə ölkəmizdə gedən proseslərə müsbət təsir göstərmişdir. Milli Məclisin rəhbər orqanları da, rəhbər vəzifələri tutanlar da öz fəaliyyəti ilə bu müsbət meyilləri gücləndirmişlər. Mən keçən beş il ərzində Milli Məclisin ümumi fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu meyillər, yəni, bu kurs davam etdirilməlidir. Milli Məclisin yeni tərkibində müəyyən dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır. Bu da lazımdır. Yəni bu, əlbəttə ki, vətəndaşların iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir və cəmiyyətdə gedən islahatların təzahürüdür. Milli Məclisin rəhbər vəzifələrini tutan şəxslərə gəldikdə, hesab edirəm ki, onların fəaliyyətini bütövlükdə müsbət fəaliyyət kimi qiymətləndirmək olar" dövlət başçısı söyləyib.

Milli Məclisin ötən beş ildəki fəaliyyətini yüksək qiymətləndirən partiyanın sədri İlham Əliyev parlament rəhbərliyində hər hansı dəyişiklik üçün heç bir əsas olmadığını söylədi.

Dövlətimizin başçısı Milli Məclisin sədrliyinə yenidən partiyanın üzvü Oqtay Əsədovun, sədrin birinci müavini vəzifəsinə partiyanın üzvü Ziyafət Əsgərovun, sədr müavinləri vəzifəsinə partiyanın üzvü Bahar Muradovanın və bitərəf deputat Valeh Ələsgərovun namizədliklərini təklif edərək bildirdi:

"Bir daha demək istəyirəm ki, Milli Məclisin Azərbaycanın müasir inkişafında çox mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha göstərdi. Çünki parlament seçkilərinə cəmiyyətdə olan maraq bir daha onu göstərir ki, vətəndaşlarımız istəyirlər ki, onların layiqli nümayəndələri onları Milli Məclisdə təmsil etsinlər. Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilmişdir və bunu həm vətəndaşlarımız bilirlər, həm də beynəlxalq təşkilatlar qeyd ediblər. Ona görə də mən parlamentin gələcək fəaliyyətini çox uğurlu görürəm və bunu arzulayıram. Hesab edirəm ki, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranmışdır. Bu, müsbət ənənələrdir. Parlamentdə sivil, mədəni siyasi mübarizə aparmaq üçün bütün imkanlar vardır. Hesab edirəm ki, Milli Məclisin yeni tərkibi məhz bu sivil, mədəni siyasi mübarizə qaydalarının tətbiq edilməsi işinə daha da dəyərli töhfələr verəcəkdir" Prezident qeyd edib.

Prezident İlham Əliyev parlamentdə sivil mübarizəyə xas olmayan metodların artıq arxada qaldığını diqqətə çatdırdı və yeni tərkibdə Milli Məclisə uğurlar arzulayaraq dedi:

"Hesab edirəm ki, yeni tərkibdə Milli Məclis həm peşəkarlıq, həm intellektual baxımından Azərbaycanın inkişafına töhfəsini verməyə qadirdir. Mən çox şadam ki, Azərbaycan xalqının seçimi düzgün olmuşdur. İstənilən seçim düzgün seçimdir, çünki bu, xalq tərəfindən edilən seçimdir. Amma mən çox şadam ki, Azərbaycan cəmiyyəti artıq elə yüksək pilləyə qalxıb ki, ən dəyərli nümayəndələrini seçməyə qadirdir. Mən ümid edirəm ki, növbəti beş ildə yeni Milli Məclis və əlbəttə, onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcəkdir", İlham Əliyev çıxışının sonunda bildirib.

FOTO - www.azertag.com

Xəbər lenti

Xəbər lenti