...

Astanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Siyasət Materials 11 Dekabr 2010 11:22 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim Astana şəhərinin mərkəzində yerləşən 5 min nəfərdən çox insanın ibadət etdiyi "Nur Astana" məscidində başlayıb.
Astanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Astana şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim Astana şəhərinin mərkəzində yerləşən 5 min nəfərdən çox insanın ibadət etdiyi "Nur Astana" məscidində başlayıb.

Məsciddə ulu öndərin ruhuna dualar oxunub, səfirlik tərəfindən imkansız ailələrə ehsan verilib.

Qazaxıstanda akkreditə olunmuş diplomatik missiyaların (İran, İraq, Türkiyə, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Belarus, Misir) əməkdaşları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının nümayəndələri, Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin və Qazaxıstanın M.N.Qumilyov adına Universitetinin rektorları, müəllim-professor heyətləri, Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri, Qazaxıstanın bir sıra ictimai-siyasi xadimləri, Qazaxıstan XİN-in və yerli KİV nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil edilib.

Astanada xidməti ezamiyyətdə olan Rusiyanın Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin rektoru Vladimir Filipov da tədbirdə iştirak edib.

Mərasimi giriş sözü ilə açan səfir Zakir Həşimov ümummilli liderin həyat və fəaliyyəti haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə çıxış edən Qazaxıstanın M.N.Qumilyov adına Universitetinin rektoru Abrahim Baxitcan Zarilqasımoviç və Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin rektoru Vladimir Filipov ulu öndərin iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi misilsiz töhfədən danışıblar.

Qazaxıstanın bütün regionlarında ümummilli liderin anım mərasimləri təşkil edilib və onun ruhuna dualar oxunub.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti