Fransa, Strasburq, 28 yanvar /Trend, müxbir A.Məhərrəmli/
Avropa İnsan Haqları Məhkəməsi ilə bizim çox yaxşı münasibətlərimiz var. Trend-in məlumatına görə, bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycan ilə Avropa İnsan Haqları Məhkəməsi arasındakı əlaqələrə münasibət bildirərkən deyib.
Ramiz Rzayev AİHM-in presedent hüququnun öyrənilməsini və Azərbaycanda tətbiq edilməsinin çox vacib olduğunu qeyd edib.
"Biz artıq 10 ildir Avropa Şurasının üzvüyük. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasındayıq. Təbii ki, bu təcrübə bizim üçün çox önəmlidir, çünki biz Konvensiyanı qəbul etmişik və ölkəmizdə tətbiq olunur. Ona görə biz Avropa Məhkəməsinin presedent hüququnu mükəmməl öyrənirik. Bilirsiniz ki, bu barədə presedentlərin öyrənilməsi və məhkəmə tərəfindən tətbiqinə dair Azərbaycan Prezidentin sərəncamı var. Bunun əsasında Ali Məhkəmə plenum keçirib və bu sahədə qərar qəbul edib. Eyni zamanda, biz yerli məhkəmələrə tövsiyə etmişik ki, AİHM-in presedent hüququ öyrənilsin. Bununla bağlı müxtəlif tədbirlər var. Qısaca demək olar ki, 6 ildən artıqdır hər həftənin ikinci günü Ali Məhkəmədə seminarlar keçirilir. Bu praktika öyrənilir. Eyni zamanda, biz Avropa Məhkəməsinin hakimləri ilə də sıx əlaqə saxlayırıq. Onları Bakıya dəvət edirik. Bu yaxınlarda sonuncu parlament seçkilərindən əvvəl belə bir konfrans keçirdik. Cari ildə digər konfransların keçirilməsini nəzərdə tuturuq. Bu təcrübə çox önəmlidir. Bu gün "Avropa Məhkəmə ili"nin açılış seminarı keçirilir. Seminarın mövzusu Avropa İnsan Haqları Konvensiyasının şərhlərinin hüdudları" adlanır. Bununla, AİHM 2010-cu ildəki fəaliyyətinə yekun vuracaq və 2011-ci ildə qarşıda duran işlər haqqında məlumat verəcək. Bu Konvensiya bizim Konstitusiya istisna olmaqla, bütün qanunlarımızdan üstündür. Ona görə də biz bu təcrübəni bilməli və tətbiq etməliyik. Bu, hər bir halda bizim insanların, vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Bilirsiniz ki, AİHM qarşısında icraatını gözləyən 100.0000-dən artıq iş var. Əsas məqsəd odur ki, milli məhkəmələr öz vətəndaşlarının hüquqlarını elə qorumalıdır ki, bura gələn işlərin sayı azalsın. Təbii ki, hamının istər yerli məhkəmələrin, istər AİHM-in əsas məqsədi eynidir: insanların pozulmuş hüquqları bərpa olunsun. Biz nə qədər bunu mükəmməl etsək, bir o qədər vətəndaşlarımız üçün yaxşı olar. Onların vaxtları da, vəsaitləri də boş yerə itməz, habelə, qısa bir müddətdə hüquqları bərpa olunar. Ona görə də AİHM ilə bizim çox yaxşı münasibətlərimiz var", - Rzayev deyib.
Ramiz Rzayev bildirib ki, AİHM-in islahatlarına dair İzmirdə keçiriləcək konfransa ədliyyə nazirləri dəvət olunur. Çox güman ki, Azərbaycanın ədliyyə naziri də orada iştirak edəcək.