...

İran sərhəd əraziləri üçün geniş proqram həyata keçirəcək - general Zülfüqari

Siyasət Materials 10 Fevral 2011 14:29 (UTC +04:00)
İran sərhəd əraziləri üçün geniş proqram həyata keçirəcək - general Zülfüqari

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Т.Cəfərov/

İran ölkə sərhədlərindən qaçaqmalçılığın qarşısını alınması və qonşu ölkələrlə ticarətin təşkilatlandırılması məqsədi ilə "Sərhəd əraziləri üçün geniş proqram" hazırlayıb həyata keçirəcək. Bunu Trend-ə İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari deyib.

O, əlavə edib ki, bu proqram üzrəndə bundan əvvəl də iş aparılıb.

"Son zamanlar ölkənin Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurası Daxili İşlər Nazirliyinə göstəriş verib ki, ölkənin sərhəd regionlarında davamlı təhlükəsizliyin təmini məqsədi ilə ölkənin sərhəd əraziləri üçün geniş proqram layihəsini hazırlasın", - Zülfüqari deyib.

General əlavə edib ki, hazırda nazirliklər, müxtəlif təşkilatlar və əyalatlərin icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə 7 işçi qrupu 6 aydır ki, proqramın hazırlanması istiqamətində fəaliyyətə başlayıb.

İranın qaçaqmalçılıqla mübarizə təşkilatının statistikasına əsasən, 2009-cu ildə ölkə sərhədlərindən 19 milyard dollar həcmində qaçaq mal keçirilib. İrandan digər ölkələrə qaçaq mal keçirilməsinin əsas səbəblərindən biri kimi bu ölkədə enerji sahəsində subsudiyaların verilməsi göstərilir.

Artıq iki aydan çoxdur ki, ölkə daxilində enerjidaşıyıcıların qiymətinin artırılması haqqında qanun və "Subsidiyaların yönəldilməsi üzrə layihə"nin icrasına başlanılıb. Beləliklə enerjidaşıyıcıların qiyməti artıb və onların qaçaqmalçılığı iqtisadi baxımdan qaçaqçılara sərfəli deyil.

Zülfüqari əlavə edib ki, "Ölkənin sərhəd əraziləri üçün geniş proqram" layihəsində bütün məsələlər diqqətə alınıb. "Proqramda sərhəd ərazilərdə yaşayan vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sərhəd regionlarının inkişafı və abadlaşdırılması, əkinçilik, sənaye, sərhədlərin möhkəmləndirilməsi, sərhədçilərin gücünün artırılması və digər məsələlər yer alacaq", - o, deyib.

Zülfüqari hazırda proqramın tələblərindən irəli gələn bəzi işlərin icra olunduğunu da vurğulayıb.

"Biz potensiala malik sərhəd zonalarının bəzilərində həmin bölgədə yaşayan insanlar üçün kiçik bazarlar təsis etmişik. Bizdə olan məlumatlara əsəsən, sərhəd ərazilərdə yaşayan şəxslər həmin bazarların işindən razıdırlar", - Sərhəd Qoşunları komandanı bildirib.

General hazırlanacaq proqramın sərhəd ərazilərdə qanunsuz fəaliyyətlərin azalmasına səbəb olacağını vurğulayıb.

"Biz inanırıq ki, sərhəd ərazilərdə yaşayan əhalinin qanuni fəaliyyət göstərməsinə şərit yaradılarsa, qanunsuz işlərin bir çoxu özü-özünə azalacaq", - Zülfüqari deyib.

Xəbər lenti

Xəbər lenti