Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Misirdəki səfirliyi tezliklə öz fəaliyyətini tam olaraq bərpa edəcək.
"Misirdə vəziyyət tədricən normallaşır və biz ümid edirik ki, Azərbaycan səfirliyi tezliklə öz fəaliyyətini tam olaraq bərpa edəcək", - bazar ertəsi Trend-ə Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev məlumat verib.
Azərbaycan Prezidentinin tapşırığı ilə ölkənin 103 vətəndaşı Misirdəki iğtişaşlardan sonra AZAL-ın xüsusi reysi ilə Qahirədən təxliyyə edilib və onların arasında diplomatik missiyanın bir neçə nümayəndəsi də olub. Elə həmin reyslə həlak olmuş Misirdəki səfirliyin əməkdaşı Nicat Qocayevin meyiti də Bakıya gətirilib. Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı bu ölkədə baş vermiş iğtişaşlar zamanı ölüb.
Daha sonra Misirdəki səfirlik bu ölkədən daha 68 Azərbaycan vətəndaşını təxliyyə edib.
Hazırda Azərbaycanın Misirdəki səfirliyi məhdud tərkibdə çalışır və müəyyən səbəblərə görə hələ də Misirdə olan həmvətənlərə kömək göstərməkdə davam edir.
Misirdə son onilliklər ərzində hökumət əleyhinə ən irimiqyaslı etiraz aksiyaları keçirilib. Müxtəlif şəhərlərdə minlərlə etirazçı prezident Hüsni Mübarəkin istefası və parlamentin buraxılması tələbi ilə küçələrə çıxıblar. Azı 300 nəfər həlak olub, 4 mindən artıq adam xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışaraq Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb ediblər. Nəticədə cümə günü Mübarək istefaya getdiyini bəyan edib, ölkəyə rəhbərlik isə Silahlı Qüvvələrin Ali Şurasına tapşırılıb.