...

Azərbaycan Gənclər və İdman Naziri Mərakeşdə rəsmi səfərdə olub

Siyasət Materials 3 Mart 2011 22:18 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Naziri Mərakeşdə rəsmi səfərdə olub
Azərbaycan Gənclər və İdman Naziri Mərakeşdə rəsmi səfərdə olub

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov 28 fevral-3 mart 2011-ci il tarixlərində Mərakeş Krallığında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Nazir A.Rəhimovu adı çəkilən Nazirliyin Xarici Əlaqələr şöbəsinin müdiri İ.Mədətov və Gənclərlə iş şöbəsinin müdiri F.Hacıyev müşaiyət etmişlər. Bu barədə Azərbaycanın Rabatdakı səfirliyinin məlumatında deyilir.

28 fevral tarixində Kasablankadakı V Məhəmməd Beynəlxal Hava Limanında hörmətli qonağı Mərakeş Krallığı Gənclər və İdman Naziri M.Belkhayat, ölkəmizin Mərakeş Krallığındakı səfiri S.Ağabəyov və digər rəsmi şəxslər qarşılamışlar.

Hava Limanında səmimilik şəraitində keçmiş qısa söhbətdən sonra Nazir A.Rəhimov mərakeşli həmkarı M.Belkhayatın müşaiyəti ilə Kasablanka şəhərindəki II Həsən məscid kompleksi ilə tanış olmuş və həmin gün Rabat şəhərinə gəlmişdir.

1 mart tarixindəAzərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimov Mərakeş Kralı VI Məhəmmədin babası V Məhəmmədin və atası II Həsənin xatirələrini ehtiramla yad edərək, məzarları önünə əklil qoymuşdur.

Həmin gün Nazir A.Rəhimov ilə Mərakeş Krallığı Gənclər və İdman Naziri M.Belkhayat arasında görüş keçirilmişdir.

Nazir M.Belkhayat Azərbaycan nümayəndə heyətini bir daha səmimiyyətlə salamlayaraq, 2010-cu ildə Azərbaycana səfərini məmnunluqla xatırlamışdır. O, Mərakeş Krallığında idmanın növləri və bu sahənin inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş, idman və gənclər sahələrində Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə etmişdir.

Nazir A.Rəhimov qonaqpərvərliyə və səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, ölkəmizdə gənclər və idman sahələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən nəhəng layihələr, sözügedən sahələrə dövlət səviyyəsində göstərilən qayğı, beynəlxalq yarışlarda Azərbaycan idmançılarının əldə etdikləri uğurlar haqqında məlumat vermişdir. O, gələcəkdə birgə müsabiqələrin, təlim və kursların, idmançı və məşqçilərin təcrübə mübadiləsinin, habelə iki ölkə arasında gənclər nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin əhəmiyyətini qeyd etmişdir.

Nazir M.Belkhayat gənclər və idman sahələrində təcübə mübadiləsinə böyük əhəmiyyət verdiklərini bildirərək, hazırkı səfər çərçivəsində imzalanması nəzərdə tutulmuş gənclər və idman sahələrində əməkdaşlıq Protokoluna böyük əhəmiyyət verdiklərini vurğulamışdır.

Nazir A.Rəhimov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə toxunaraq, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə iki ölkə arasında mövcud olan qarşılıqlı dəstəyi xalqlarımız və hökumətlərimiz arasındakı tarixi dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirmişdir.

Sonda Nazirlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mərakeş Krallığı Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolunu imzalamışlar.

İmzalanma mərasimindən sonra Nazir A.Rəhimov Mərakeşin Mərkəzi Televiziyasına müsahibə vermişdir.

Həmin gün A.Rəmimov İSESKO-nun Rabatdakı iqamətgahında Baş katib Ə.Tüveycri ilə görüşmüşdür.

Nazir A.Rəhimov səfər çərçivəsində Rabatdakı Futbol Akademiyası, Gölf idman kompleksi və Tanjer şəhərindəki idman obyektləri ilə tanış olmuşdur.

2 mart tarixində Nazir A.Rəhimiov Mərakeş Krallığı Gənclər və İdman Nazirliyinin YUNİSEF ilə birgə təşkil etdiyi uşaq məsələlərinə həsr edilmiş tədbirdə iştirak etmişdir.

3 mart tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimov Kasablanka şəhərindən Vətənə yola düşmüşdür.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri A.Rəhimovun Mərakeş Krallığına səfəri Krallığın televiziya kanallarında və mətbuatda geniş işıqlandırılmışdır.

Xəbər lenti

Xəbər lenti