...

Ümid Partiyası İctimai Palatada iştirakdan imtina edib

Siyasət Materials 10 Mart 2011 17:33 (UTC +04:00)
Ümid Partiyası İctimai Palatada iştirakdan imtina edib. Partiyanın mətbuat xidmətinin rəhbəri Şəbnəm Karslının cümə axşamı Trend-ə verdiyi məlumata görə, partiyanın icra aparatının yığıncağında belə bir qərar qəbul olunub.
Ümid Partiyası İctimai Palatada iştirakdan imtina edib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyası İctimai Palatada iştirakdan imtina edib. Partiyanın mətbuat xidmətinin rəhbəri Şəbnəm Karslının cümə axşamı Trend-ə verdiyi məlumata görə, partiyanın icra aparatının yığıncağında belə bir qərar qəbul olunub.

Karslının sözlərinə görə, İctimai Palata deputat olduğuna görə Ümid Partiyasının rəhbəri İqbal Ağazadənin palataya üzvlüyünə məhdudiyyət qoyub.

"Partiyanın daxili müzakirələri nəticəsində İctimai Palatanın ölkədə baş verən proseslərə təsir etmək imkanının olmadığı qənaətinə gəlinib. Ona görə də İctimai Palataya üzv olmağın heç bir perspektivinin olmadığı barədə rəy formalaşıb. Bu səbəbdən palataya üzv olmaq məqsədəuyğun hesab olunmayıb", - Karslı əlavə edib.

Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra seçkilərin nəticələrindən narazı qalan müstəqil namizədlər və siyasi partiyalar İctimai Palata adlı qurum yaradıblar.

Karslı qeyd edib ki, bununla yanaşı partiyanın iki üzvü eyni zamanda İctimai Palatanın da üzvüdür.

"Bu şəxslər Ümid Partiyasının üzvü olmamışdan əvvəl İctimai Palatanın üzvü idilər. Yəni həmin şəxslər bir ay öncə partiyaya üzv qəbul olunublar", - o bildirib.

Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.

Xəbər lenti

Xəbər lenti