...

Azərbaycanda bəzi müxalifət partiyaları mitinq keçirməklə qarşıdurma yaratmaq istəyirlər - hakim partiya

Siyasət Materials 29 Mart 2011 17:00 (UTC +04:00)
Azərbaycanda kütləvi aksiya keçirmək istəyən şəxslərin heç bir ictimai dəstəyi yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Azərbaycanda bəzi müxalifət partiyaları mitinq keçirməklə qarşıdurma yaratmaq istəyirlər - hakim partiya

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda kütləvi aksiya keçirmək istəyən şəxslərin heç bir ictimai dəstəyi yoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"İğtişaşlar yaratmaq istəyən şəxslər xarici qüvvələr tərəfindən qızışdırılıblar. Onlar icazəsiz mitinq keçirməklə aranı qatmaq və qarşıdurma yaratmaq istəyirlər. Məqsəd ondan ibarətdir ki, həmin qarşıdurmanı çəksinlər və onları maliyyələşdirən təşkilatlara həmin maliyyəni hara sərf etdiklərini göstərsinlər", - Novruzov əlavə edib.

Onun sözlərinə görə, aksiya keçirməyə cəhd edənlər özləri də bilirlər ki, heç bir seçkidə nailiyyətləri olmayıb, səs qazana bilməyiblər.

"Onlar həmişə azad və ədalətli keçirilən seçkilərdə məğlub olublar. İctimaiyyət tərəfindən onlara dəstək yoxdur. Odur ki, beş-altı adam ortaya düşüb ara qatmaqla məşğuldur", - o bildirib.

Millət vəkili ötən aksiyalarda bəzi jurnalistlərin də aksiyaçılara qoşulması halını pisləyib.

"Müxalifətçilər mitinq keçirməyə cəhd göstərərkən öz qəzetlərində çalışan jurnalistlər də şüarlar səsləndirirdilər. Halbuki, jurnalist bu cür proseslərdə bitərəf olmalıdır və mitinq iştirakçısı kimi çıxış etməməlidir", - millət vəkili qeyd edib.

Novruzov onu da bildirib ki, mitinq cəhdləri zamanı aksiyalara yalnız bu işi təşkil edən şəxslərin qohum-qardaşları toplaşır.

"İcazəsiz aksiyanı bir qrup şəxs həyata keçirməyə çalışır. Nə gənc, nə də yaşlı nəsil tərəfindən onların hərəkətinə dəstək göstərilmir", - o qeyd edib.

Azərbaycanın müxalif Müsavat Partiyası martın 12-də Bakının mərkəzində icazəsiz kütləvi aksiya keçirməyə cəhd göstərib. İctimai Palata isə aprelin 2-də mitinq keçirməklə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti