Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə Trend-ə Fondun İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi seçilib.
"Xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdi. Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi elan etmişdi", - Müslümov deyib.
Fond sədri vurğulayıb ki, Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməyib.
Həmin dövrdə əhalinin həyat səviyyəsinin qorunması, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb.
Ümummilli liderin məlum sərəncamı ilə təsdiq edilmiş Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoyub.
"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaradıb, ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni sistem formalaşıb", - Müslümov deyib.