Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi çərşənbə axşamı plenar iclasda "Sosial xidmət haqqında" qanunu birinci oxunuşda təsdiq edib.
Bu qanun layihəsi ölkədə aparılan sosial islahatların tərkib hissəsidir. Trend-in məlumatına görə, bu barədə iclasda Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu qanun ölkədə qeydə alınan 4308 kimsəsiz uşağın, 410 min əlilin, 400 mindən çox yaşlı insanın müdafiəsinə xidmət edəcək.
Rəcəblinin sözlərinə görə, bu qanun layihəsi xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Yeni qanunla sosial yardıma ehtiyacı olan vətəndaşların kateqoriyaları, sosial yardımın növləri (dövlət stasionar müəssisələrdə, özəl müəssisələrdə evlər) müəyyənləşdiriləcək. Azərbaycanın sosial xidmətinin qanunvericilik əsası yaradıldıqdan sonra sosial işçilərin statusu, onların hüquq və vəzifələri müəyyən ediləcək.
Sosial işçilər öz fəaliyyətlərini ictimai başlanğıcda həyata keçirməyəcəklər, onlar öz işlərinə görə dövlətdən əməkhaqqı alacaqlar.