Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenovu qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Dövlətimizin başçısı İlham Əliyev Oljas Süleymenovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Azərbaycanda Oljas Süleymenovun sevildiyini və onun yaradıcılığının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayan Prezident İlham Əliyev onun öz mövqeyini daim aydın və prinsipial şəkildə ifadə edərək qazax xalqının maraqlarını müdafiə etdiyini deyib. Dövlətimizin başçısı Azərbaycanın çox çətin vaxtlarında, xalqımızın 20 Yanvar faciəsi ilə üzləşdiyi bir zamanda Oljas Süleymenovun qətiyyətli mövqedə durmasını və Azərbaycanın yanında olmasının xalqımız tərəfindən heç vaxt unudulmayacağını deyib. Prezident İlham Əliyev Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi və ictimai xadim kimi Oljas Süleymenovun bu gün Azərbaycanın uğurlarına və ölkəmizin inkişafına ürəkdən sevinməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatını - "Dostluq" ordenini Oljas Süleymenova təqdim edib.
Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi, şair, yazıçı Oljas Süleymenov Azərbaycan dövlətinin yüksək ordeninə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və bu hadisəni onun Azərbaycana olan münasibətinin yüksək ifadəsi kimi dəyərləndirib. Azərbaycana səfərləri zamanı ölkəmizdə baş verən böyük inkişaf proseslərini, o cümlədən mədəniyyətin inkişafı sahəsində əldə edilən sanballı uğurların onda sevinc hissi doğurduğunu bildirib. O, bu gün Azərbaycan xalqının uğurlar qazanaraq öz sevincini dünya ilə bölüşməsinin onda xoş duyğular yaratdığını deyib. Oljas Süleymenov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkəmizə və xalqımıza bundan sonra da firavanlıq gətirəcəyinə əminliyini ifadə edib.