...

Araz Əlizadə: Azərbaycanda radikal müxalifətin birlik yaratması heç vaxt mümkün olmayacaq

Siyasət Materials 22 İyul 2011 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın radikal müxalifətinin birlik yaratması heç vaxt mümkün olmayacaq. Bunu cümə günü Trend-ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

"Bu insanlar vaxtilə Xalq Cəbhəsində (AXC) olublar. AXC-dən şəxsi ambisiyalarına görə ayrılıblar. Onların ayrılmaları ideoloji zəmində deyil, şəxsi ambisiyalar zəminində olub. Onlar şəxsi ambisiyalarını heç vaxt təmin edə bilməyəcəklər, ona görə də heç zaman birləşməyəcəklər", - Əlizadə əlavə edib.

ASDP həmsədri hesab edir ki, Azərbaycanın radikal müxalifət partiyaları əslində birləşməyə cəhd göstərmirlər. Onlar birləşmə görüntüsü yaratmaqla insanları aldadırlar.

"Elə görüntü yaradırlar ki, guya iş görürlər, lakin özləri anlamırlar ki, onlar artıq siyasətdə yoxdurlar. Onlar fiziki cəhətdən mövcuddurlar", - Əlizadə vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda demokratiyaya ən çox indi radikal müxalifət mövqeyi tutan partiyalar zərbə vurublar.

"Azərbaycanda ilk dəfə dövlət çevrilişini onlar ediblər, Azərbaycanı ilk dəfə onlar vətəndaş müharibəsi qarşısında qoyublar. İlk dəfə onların hakimiyyəti dövründə hərc-mərclik, jurnalistlərin döyülməsi praktikası yaranıb. Mətbuatda senzuranı da o insanlar tətbiq etmişdi, ancaq Heydər Əliyev senzuranı ləğv etdi. İlk dəfə onların hakimiyyəti dövründə mitinqlərə icazə verilmədi. Onlar mitinq keçirənləri tuturdular, döyürdülər. Yəni nə töküblərsə aşlarına, o da çıxıb qaşıqlarına", - Əlizadə qeyd edib.

Partiya sədri Azərbaycan müxalifətinin hazırkı vəziyyətinin səbəbləri haqqında da danışıb.

"80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycan siyasətində romantizm dövrü idi. Həmin dövrdə istedadlı gənclər siyasətə gəlirdilər və istəyirdilər ki, Vətən üçün nə isə etsinlər. Görəndə ki, insanları pul ilə mitinqlərə yığırlar, qoçu dəstələri düzəldərək siyasi rəqiblərini döydürürlər, bu zaman həmin istedadlı insanlar siyasətdən üz döndərdilər və öz peşə karyeraları ilə məşğul olmağa başladılar. Bu gün Azərbaycan siyaətinə istedadlı gənclər gəlmir. İstedadlı gənclər daha çox öz peşə karyeralarında uğur qazanmağa cəhd edirlər", - o deyib.

Əlizadə qeyd edib ki, hazırkı dövrdə Müsavat, Xalq Cəbhəsi (AXCP) və ya digər partiyalarda fəaliyyət göstərən insanların əksəriyyəti 80-ci ilin sonlarında, 90-ci illərin əvvəllərində siyasətə gəlmiş insanlardırlar.

"Onların indi həmin partiyalarda birinci adamlar olmasına baxmayaraq, 90-cı illərin əvvəllərində həmin adamlar partiyalarda 7-ci və ya 8-ci dərəcəli adamlar idi. Çünki partiyalarda çox istedadlı adamlar var idi. İndi istedadlı insanlar partiya sıralarını tərk ediblər. Yerdə qalan insanlar isə nə öz üzərilərində işləyiblər, nə də inkişaf ediblər. Qalıblar 80-ci illərdə. Cəmi bir üsul bilirlər, o da mitinqdir, keçirdikləri mitinqə də insanlar gəlmir. Əlacları bir ona qalıb ki, mitinqi yalnız mərkəzi meydanlarda keçirsinlər ki, bəlkə insanlar maraq üçün həmin mitinqlərə gəldilər. Bir də ümid edirlər ki, Qərb onlara kömək edəcək", - Əlizadə deyib.

Xəbər lenti

Xəbər lenti