...

Azərbaycan Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 15 Avqust 2011 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Fotoşəkillər əlavə olunub (İlk xəbər 12:02-də yayılıb)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Siyəzən rayonuna gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı əvvəlcə Siyəzən şəhərinin mərkəzində salınmış Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə Heydər Parkında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən bu park 2010-cu ildə istifadəyə verilib. Bir hektardan çox ərazisi olan Heydər Parkında yaşıllıq zolağı genişləndirilib, yaraşıqlı fəvvarə kompleksi, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Bildirildi ki, parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Siyəzən sakinləri də ulu öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünya miqyasında tanınan siyasi xadim Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu dahi şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, nizami ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib.

Qeyd olundu ki, tikintisinə 2008-ci ildə başlanılan mərkəzin ikimərtəbəli binası ümummilli liderin adını daşıyan parkın ən gözəl guşəsində, özünəməxsusluğu ilə seçilən orijinal layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 600 kvadratmetrdir. Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və respublikamızın regionlarında keçirdiyi görüşləri əks etdirən 12 fotoguşə yaradılmışdır. 300 kvadratmetr sahəsi olan birinci mərtəbədə ulu öndərin büstü qoyulmuşdur. Burada kompyuterlərlə təchiz olunan xarici dil dərnəyi, konfrans zalı və ən müasir avadanlıqlarla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycan ədəbiyyatını və zəngin tariximizi dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin guşələrində müxtəlif xarici dillərdə ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən nəşrlərə də geniş yer verilmişdir. Mərkəzin ikinci mərtəbəsində rəsm, xalçaçılıq dərnəkləri fəaliyyət göstərəcəkdir. Burada virtual sinif otağı da yaradılmışdır. Mərkəzin qonaqları bu virtual sinif otağının imkanlarından istifadə etməklə Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən şəhərinin yeni giriş hissəsi, Bayraq Meydanı və gənclər mərkəzinin eskiz layihəsini əks etdirən stendlərə baxdı. Dövlətimizin başçısı gələcəkdə həyətlərin abadlaşdırılmasını və mövcud ticarət obyektlərinin fasadlarının üzlənməsini əks etdirən stendlərlə də tanış oldu.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.
Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Siyəzən rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

Rayon sakini Qələmşah Babayev Siyəzən rayonunun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Xəbər lenti

Xəbər lenti