...

Gürcü dilini bilməyən azərbaycanlılar cəmiyyətdən təcrid olunmamalıdırlar - nazir

Siyasət Materials 29 Avqust 2011 12:50 (UTC +04:00)
Gürcü dilini bilməyən azərbaycanlılar cəmiyyətdən təcrid olunmamalıdırlar.
Gürcü dilini bilməyən azərbaycanlılar cəmiyyətdən təcrid olunmamalıdırlar - nazir

Gürcüstan, Batumi, 29 avqust /Trend, müxbir T.Hacıyev/

Gürcü dilini bilməyən azərbaycanlılar cəmiyyətdən təcrid olunmamalıdırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Batumi şəhərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontenstində" mövzusundakı konfransda çıxışı zamanı Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterine Txeşeloşvili deyib.

Txeşeloşvili bildirib ki, Gürcüstan hakimiyyəti etnik azlıqların hüquqlarının aktiv şəkildə qorunmasında maraqlıdır.

"Gürcüstanda etnik azlıqların inteqrasiyası tam şəkildə nəzərdə tutulur. Etnik mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşları cəmiyyətə inteqrasiya olunmalıdırlar. 2009-cu ildə "Tolerantlıq və vətəndaşların inteqrasiyası" konsepsiyası qəbul olunub və bu konsepsiya etnik azlıqların da cəmiyyətə inteqrasiyasını özündə ehtiva edir", - nazir əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanda etnik azlıqların özünəməxsusluqlarını qoruyub saxlaya bilmələri üçün də işlər görülür.

"Gürcüstanda təhsil sferası müxtəlifliklərin qorunmasını özündə ehtiva edir. Azərbaycanlılara gürcü dilinin öyrədilməsi sahəsində də işlər görülür. Dövlət dilini bilmədiklərinə görə, onlar cəmiyyət həyatından təcrid olunmamalıdırlar. Azərbaycanlılar üçün ali məktəblərdə kvotalar var. Ali təhsilə qədər azərbaycanlılar gürcü dilindən hazırlıq keçirlər. Həmin hazırlıq dövlət tərəfindən həyata keçirilir. Statistika göstərir ki, bu təşəbbüsümüz uğurlu alınıb və Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlıların sayı artır", - nazir bildirib.

Txeşeloşvili deyib ki, dövlət azərbaycanlıların ənənələrinin qorunmasında da maraqlıdır.

Konfrans avqustun 28-dən öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımov, Gülər Əhmədova iştirak edirlər. Budan əlavə, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Mirza Davitaya və Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti