...

İlham Əliyev Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib

Siyasət Materials 13 Sentyabr 2011 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Dmitri Medvedevi ad günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb.

"Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Rusiya dövlət və demokratiya təsisatlarının təkmilləşdirilməsi, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq aləmdə nüfuzu artır.

Azərbaycan ilə Rusiya arasında bu gün strateji tərəfdaşlıq xarakteri kəsb etmiş ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz sanballı töhfə vermisiniz. Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsinə yönəlmiş səyləriniz Azərbaycanda böyük razılıqla qarşılanır.

Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın rifahı naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir. Mən bizim aramızda yaranmış, qarşılıqlı hörmətə və etimada əsaslanan şəxsi münasibətləri yüksək qiymətləndirirəm", - təbrikdə deyilir.

İlham Əliyev Dmitri Medvedevə və ailəsinə möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti