...

Almaniyada Azərbaycan diasporunun etiraz piketi keçirilib

Siyasət Materials 21 Sentyabr 2011 10:26 (UTC +04:00)
Almaniyanın Ştuttqart şəhərində Azərbaycan diasporunun etiraz piketi keçirilib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
Almaniyada Azərbaycan diasporunun etiraz piketi keçirilib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Almaniyanın Ştuttqart şəhərində Azərbaycan diasporunun etiraz piketi keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Piket sentyabr ayının 16-dan 22-ə kimi Almaniyada keçirilən Ermənistan Mədəniyyəti Günləri çərçivəsində erməni separatçılarının qondarma "20 il Dağlıq Qarabağ Respublikası" adlı konsert proqramının təşkili ilə bağlıdır. İyul ayından başlayaraq Almaniya Federativ Respublikasında ermənilərin "saxta tədbirinə" qarşı etiraz aksiyası təşkil edilib. Bu aksiya rəsmi qurumların məqsədyönlü fəaliyyəti ilə başlanaraq və diaspor cəmiyyətlərini əhatə edərək, şəxsi təşəbbüsləri özündə əks etdirir.

Həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanın Xarici İşlər Nazirliyinə etiraz notasını təqdim edib, önəmli danışıqlar aparıb, siyasi səviyyədə konstruktiv tədbirlər görüb.

Azərbaycanın Baden Vürtemberq əyalətindəki fəxri konsulluğu Baden-Vürtemberq Əyalətinin və Ştutqart şəhərinin hakimiyyət dairələrinə, tədbirin təşkilatçılarına, Baden-Vürtemberq əyalətindəki erməni icmasına etiraz məktubları göndərib.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) yazılı etiraz aksiyası təşəbbüsünü irəli sürərək, Almaniyada fəaliyyət göstərən bütün diaspor cəmiyyətlərinə məktubla müraciət edib, onları sentyabrın 19-da Ştutqart şəhərinin Bad Kanştatt rayonunda keçiriləcək konsert haqqında məlumatlandırıb və konsertlə bağlı yazılı etirazlarını bildirməyə çağırıb. AAKM Almaniyanın dövlət idarə və qurumlarına çoxsaylı etiraz məktubları göndərib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti