...

Argentinalı parlamentari: Azərbaycandakı ilk təəssüratlar Çindəki iqtisadi yüksəlişi xatırlatdı (MÜSAHİBƏ)

Siyasət Materials 27 Sentyabr 2011 10:51 (UTC +04:00)
Argentinalı parlamentari: Azərbaycandakı ilk təəssüratlar Çindəki iqtisadi yüksəlişi xatırlatdı (MÜSAHİBƏ)
Argentinalı parlamentari: Azərbaycandakı ilk təəssüratlar Çindəki iqtisadi yüksəlişi xatırlatdı (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda səfərdə olan Argentina Respublikası Milli Konqresinin Deputatlar Palatasında "PRO Propuesta Republicana" siyasi blokunun sədri və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü deputat Federico Pinedonun Trend-ə müsahibəsi

- Argentina ilə Azərbaycan arasında əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanla Argentina arasında əməkdaşlıq son dövrdə inkişaf edir. Xüsusilə Azərbaycanın Argentinadakı səfirliyinin təsis edilməsi iki ölkə arasında münasibətlərə təkan vermişdir. Bizim də Azərbaycana gəlişimizin məqsədi ölkənin reallıqları ilə yaxından tanış olmaq və öz tərəfimizdən münasibətlərin inkişafına dəstək göstərməkdir.

- İki ölkənin parlamentləri arasında münasibətlərin inkişaf perspektivini necə görürsünüz? Millət vəkillərinin Azərbaycan və Argentina münasibətlərinə müsbət təsiri nədən ibarət ola bilər?

- Beynəlxalq münasibətlərdə parlament diplomatiyası çox əhəmiyyətlidir. Hökumətlərin bir-birinə demədiyi mövqeni parlamentarilər çatdıra bilirlər, çünki onlar xalqın təmsilçiləri və xalqlar arasında məlumatların daşıyıcıları hesab olunurlar. Əlbəttə ki, parlamentarilərin bir sıra məsələlərin həllinə cəlb edilməsi əlaqələrin daha da asanlaşmasına və intensivləşməsinə təsir göstərir. Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri ölkənizin Buenos-Ayresdəki səfirliyinin Argentina parlamentinin hər iki palatasında Azərbaycanla fərdi dostluq qruplarının yaradılmasına nail olmasıdır. Bu, asanlıqla əldə edilən nailiyyət deyil və düşünürəm ki, yaradılmış dostluq qrupları iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına böyük töhfə verəcək.

Parlamentarilər olaraq, iki ölkə arasında əməkdaşlıq üçün hansı sahələrin mövcudluğunu aydınlaşdırmağımız əsas məsələdir. Bizim bura səfərimizin məqsədlərindən biri də məhz budur. Azərbaycanın Argentinadakı səfirliyi də hansı məsələlərdə əməkdaşlığın mümkün olduğunu müəyyənləşdirməklə yaxından məşğuldur və bu istiqamətdə artıq nəticələr vardır. Düşünürəm ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün iqtisadi əməkdaşlıq çox vacibdir. Bu səbəbdən biz ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa təkan vermişik. Argentinanın kənd təsərrüfatı texnologiyalarının Azərbaycana gətirilməsi sahəsində əməkdaşlıq artıq başlayıb. Lakin hesab edirəm ki, biz yalnız kənd təsərrüfatı sahəsi ilə məhdudlaşmalı deyilik, digər müxtəlif sahələrin inkişafına da təsir göstərməyə çalışmalıyıq.

- Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan əraziləri işğal olunub. Argentina millət vəkili olaraq, sizin bu məsələyə münasibətiniz necədir?

- Bu kimi məsələlərə dair mövqe bildirmək Argentina Xarici İşlər Nazirliyinin səlahiyyətinə aiddir və XİN-in də bu münaqişə ilə bağlı mövqeyi aydındır. Argentina münaqişənin qısa zaman ərzində ədalətli və sülh yolu ilə həllinə tərəfdardır və bu istiqamətdə atılan addımları dəstəkləyir.

- Azərbaycanda Argentinanın səfirliyinin təsis olunması gözlənilirmi və bu istiqamətdə Argentina parlamentarilərinin dəstəyi nədən ibarət ola bilər?

- Biz Azərbaycandan qayıdandan sonra Argentinanın müvafiq icra strukturlarına Bakıda səfirliyin təsis edilməsinin vacibliyini çatdıracaq və bunun əhəmiyyəti barədə fikirlərimizi bildirəcəyik. Biz Azərbaycanı siyasi-iqtisadi cəhətdən əhəmiyyətli ölkə olmaqla yanaşı, Mərkəzi Asiya və yaxın regionlara körpü kimi dəyərləndiririk. Argentinanın Azərbaycandakı imkanlardan faydalanması və ikitərəfli əməkdaşlığın genişlənməsi üçün ölkənizdə səfirliyimizin təsis olunması vacibdir.

- Qeyd etdiniz ki, kənd təsərrüfatı sahəsində Argentina ilə Azərbaycan arasında əməkdaşlıq qurulub. Bu əməkdaşlığın əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Argentina yüksək kənd təsərrüfatı texnologiyalarına malikdir. Bu texnologiyalar istər əkinçilik, istərsə də heyvandarlıq sahələrini əhatə edir. Xüsusilə, biotexnologiyalar sahəsində əməkdaşlıq çox əhəmiyyətlidir, çünki Argentinanın bu sahədə çox böyük təcrübəsi var. Argentinada biotexnologiyaların kənd təsərrüfatına tətbiqi bu sahədə böyük məhsuldarlığın və yüksək keyfiyyətin təmin edilməsinə böyük təsir göstərib və düşünürəm ki, Argentinanın bu sahədəki təcrübəsini Azərbaycanla bölüşməsi faydalı ola bilər.

- Bu, Bakıya ilk səfərinizdirmi və təəssüratlarınız nədən ibarətdir?

- Bəli, ilk səfərimdir və ilk təəssüratlar mənə Çindəki iqtisadi yüksəlişi xatırlatdı. Çünki Azərbaycan çox qısa müddətdə yüksək iqtisadi sıçrayış əldə edib. Xüsusilə, tikinti və infrastruktur sahəsində heyranedici işlər görülüb. Əlbəttə ki, məni təəccübləndirən məqam da məhz qısa müddət ərzində bu nailiyyətlərin necə əldə olunmasıdır.

Hazırda Argentina seçkilər ərəfəsindədir, mən də parlamentə öz namizədliyimi növbəti müddət üçün irəli sürmüşəm. Bu baxımdan xaricə səfər etmək asan deyildi, lakin Azərbaycana səfər məsələsi gündəmə gəldikdə məmnuniyyətlə gəlməyə razılaşdım. Növbəti gəlişimdə istərdim ki, ölkənizin regionlarına da səfər edim və Azərbaycanla daha yaxından tanış olum.

Xəbər lenti

Xəbər lenti