...

"Müsəlman qardaşlar" Misirdə parlament seçkilərini pozacağı ilə hədələyir

Siyasət Materials 29 Sentyabr 2011 11:35 (UTC +04:00)
Misirdə "Müsəlman qardaşlar" hərəkatını təmsil edən Azadlıq və Ədalət Partiyası bəyan edib ki, seçkilər haqqında qanuna müəyyən dəyişikliklər edilməsə, partiya noyabr ayına planlaşdırılan parlament seçkilərini poza bilər.
"Müsəlman qardaşlar" Misirdə parlament seçkilərini pozacağı ilə hədələyir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misirdə "Müsəlman qardaşlar" hərəkatını təmsil edən Azadlıq və Ədalət Partiyası bəyan edib ki, seçkilər haqqında qanuna müəyyən dəyişikliklər edilməsə, partiya noyabr ayına planlaşdırılan parlament seçkilərini poza bilər. Bu barədə Trend ərəb KİV-inə istinadən xəbər verir.

"Müsəlman qardaşlar" həmçinin bəyan edib ki, seçkilər keçirilənədək ölkədəki fövqəladə vəziyyətin ləğv edilməsi və müstəqil namizədlərin sayının azaldılması vacibdir.

Misir parlamentinin aşağı palatasına (Xalq məclisi) seçkilərin birinci mərhələsi noyabrın 28-də keçiriləcək. Bu barədə hakim Misir Silahlı Qüvvələri Ali Şurası məlumat verib.

Bundan əvvəl ölkədəki hərbi hakimiyyət bildirmişdi ki, hər iki palatada parlament seçkiləri üç mərhələdə keçiriləcək.

Müvafiq olaraq, parlamentin yuxarı palatasına (Şura soveti) seçkilərin birinci mərhələsi gələn il yanvarın 29-da keçiriləcək.

İyunda Misirin Siyasi Partiyalar Komissiyası bu yaxınlaradək qadağan olunmuş "Müsəlman qardaşlar" hərəkatı tərəfindən yaradılan Azadlıq və Ədalət Partiyasını rəsmən qeydiyyata alıb.

Mübarəkin hakimiyyətdən getməsindən və hakimiyyətin hərbiçilərə verilməsindən sonra "Müsəlman qardaşlar" ölkənin siyasi həyatında əhəmiyyətli rol oynamağa başlayıb. Hərəkat Qahirənin Təhrir meydanında prezidentin istefası ilə nəticələnən xalq etiraz aksiyalarında daim iştirak edən çoxsaylı siyasi qüvvələrdən biridir.

Fevralın 11-də xalq həyəcanları nəticəsində prezident Hüsnü Mübarəkin istefaya getməsindən sonra Misir parlamentsiz və qanuni seçilmiş icra hakimiyyəti olmadan yaşayır. Misirin eks-prezidenti hakimiyyəti hərbiçilərə verdikdən sonra onlar Konstitusiyanın fəaliyyətini dayandırıb və parlamentin hər iki palatasını buraxıblar. Hərbiçilər seçkilərin keçiriləcəyini və hakimiyyəti legitim mülki rəhbərliyə verəcəklərini vəd ediblər.

Xəbər lenti

Xəbər lenti